Şəkinin İkinci Biləcik kəndinə ilk dəfə təbii qaz verilib
Şəki rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Martın 26-da Şəkinin İkinci Biləcik kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə mərasim keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Şəki Şəhər İcra Hakimiyyətinin başçsısı Elxan Usubov, şəhər icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin rəsmiləri, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
300 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 8 min 280 metr olan müxtəlif diametrli polietilen və ümumi uzunluğu 26 min 122 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edərək, əhalinin təbii qazla təminatının yaxşılaşdırılmasının Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Bildirib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, “Azəriqaz” İB tərəfindən respublikanın bütün yaşayış məntəqələrinin, o cümlədən ən ucqar kəndlərinin qazlaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Diqqətə çatdırılıb ki, hazırda bu kənd də daxil olmaqla, Şəkinin 31 yaşayış məntəqəsi təbii qazdan istifadə edir. Əhali abonentləri üzrə qazlaşdırma 75 faiz təşkil edir. Eyni zamanda, rayonun daha 13 yaşayış məntəqəsinin qazlaşdırılması istiqamətində iş aparılır. Yaxın günlərdə bu kəndlərdən bir neçəsinə “mavi yanacaq” veriləcək.
Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, kənd ağsaqqalları və ziyalılar çıxış edərək regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə şəkililər adından dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.