Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Elektrik Şəbəkəsinin yeni inzibati binası istifadəyə verilib

30 mart 2016 | 10:03

Martın 29-da “Azərişıq” ASC-nin “Şimal Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsi Şəki Elektrik Şəbəkəsinin yeni inzibati binası istifadəyə verilib.
Bu münasibətlə keçirilən mərasimdə iştirak edən “Azərişıq” ASC-nin və Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin binanın foyesində qoyulan büstü önünə gül dəstələri düzüb, Ulu Öndərə həsr olunan sərgiyə baxıblar.
Mərasim iştirakçıları sonra inzibati binada yaradılan şəraitlə yaxından tanış olublar. Məlumat verilib ki, binanın tikintisinə 2015-ci ilin ortalarında başlanılıb. Müasir standartlara uyğun inşa edilən ikimərtəbəli binada 13 iş otağı, iclas zalı, qonaq otağı, mətbəx və yardımçı otaqlar yerləşir. İnzibati binada işçilərin normal fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb, otaqlar ofis mebeli, zəruri texniki avadanlıq, kompyuter və internetlə təmin edilib.
İnzibati binanın iclas zalında keçirilən toplantıda “Azərişıq” ASC-nin sədr müavini Vüqar Əhmədov və səhmdar cəmiyyətin investisiya departamentinin direktoru Toğrul Rəhimov çıxış edərək, son dövrlər respublikamızın ayrı-ayrı şəhər və rayonlarında fəaliyyət göstərən elektrik şəbəkələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov öz arxitekturası ilə şəhərə xüsusi yaraşıq verən yeni inzibati binanın tikintisində əməyi olan qurumlara minnətdarlığını bildirib, əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Xatırladaq ki, hazırda Şəki Elektrik Şəbəkəsində 160-a yaxın işçi çalışır. 2016-cı ilin birinci rübündə müəssisəyə 17 nəfər yeni işçi qəbul edilib.

Keçidlər