Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandanın qətiyyətli mövqeyi hamılıqla dəstəklənir

06 aprel 2016 | 02:04

Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində son günlər qoşunların təmas xəttində yaranan gərginlik, bu təxribatların qarşısının alınması məqsədi ilə silahlı qüvvələrimizin komandanlığı tərəfindən həyata keçirilən cavab tədbirləri, Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyevin çıxışı ilə əlaqədar aprelin 4-də Şəkidə şəhər icra hakimiyyətinin, bələdiyyə və hüquq mühafizə orqanları rəhbərlərinin, fəalların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə yığıncaq keçirilib.
     Şəki Şəhər İcra Hakimiyyətində keçirilən yığıncaqda əvvəlcə erməni işğalçıları ilə döyüşlərdə qəhrəmancasına həlak olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq son günlər cəbhə xəttində gərginliyin artmasının ermənilərin növbəti təxribatı olduğunu bildirib. Vurğulanıb ki, aprelin 2-nə keçən gecə təmas xəttində bu təxribatlara layiqincə cavab verən Azərbaycan Silahlı Qüvvələri bütün istiqamətlərdən əks hücuma keçərək, düşmənin mövqelərinə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir neçə yaşayış məntəqəsi, yüksəkliklər ələ keçirilib, düşmən həm canlı qüvvə, həm də texnika sarıdan çox böyük itkilər verib.
    Cəbhə bölgəsindəki mövcud durum barədə danışan Elxan Usubov icra strukturları və hüquq mühafizə orqanlarına daha ayıq-sayıq olmağı tövsiyə edib, ordumuzun əldə etdiyi uğurlar barədə əhalinin daha geniş məlumatlandırılmasının, müəssisə və təşkilatlarda, məktəblərdə hərbi vətənpərvərlik işinin yüksəldilməsinin vacibliyini vurğulayıb.
   Müşavirədə YAP Şəki təşkilatının sədri Həsən Həsənov, Şəki rayon Ağsaqqallar Şurasının sədr müavini Mustafa Əhmədov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Şəki rayon filialının sədri Məmmədnuru Əzizov və başqaları çıxış edərək, son günlər ermənilərin təmas xəttində törətdikləri təxribatları qətiyyətlə pisləyib, işğal altındakı torpaqlarımızın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində mənfur düşməndən tezliklə azad olunacağına əminlik ifadə ediblər.

Keçidlər