Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Sübhün səfiri” filminin təqdimatı olmuşdur

05 fevral 2013 | 16:00

Şəki şəhərindəki “Çingiz klubu”nda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə ekranlaşdırdığı “Sübhün səfiri” filminin təqdimat mərasimi keçirilmişdir.
Milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin həyat və fəaliyyətindən bəhs edən bu ekran əsərinin ssenari müəllifi Xalq Yazıçısı Anar, rejissoru Ramiz Həsənoğludur.
Filmin yaradıcı heyətinin, ictimaiyyət nümayəndələrinin və kinosevərlərin iştirak etdikləri tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında 2010-cu il 13 aprel tarixli Sərəncamına uyğun olaraq 2012-ci ildə respublikamızda, eləcə də böyük ədibin doğulub boya-başa çatdığı Şəki şəhərində silsilə tədbirlərin, elmi konfransların, simpoziumların keçirildiyi, sərgi və müsabiqələrin təşkil olunduğu diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, Şəkidə M.F.Axundzadənin 200 illiyinə həsr olunmuş filmin təqdimat mərasiminin keçirilməsi şəhərin mədəni həyatında olduqca əlamətdar hadisədir.
Mərasimdə filmin ssenari müəllifi, Xalq Yazıçısı Anar Azərbaycan ədəbiyyatına, elminə, incəsənətinə Mirzə Fətəli Axundzadə, Sabit Rəhman, Emin Sabitoğlu və digər böyük şəxsiyyətlər bəxş etmiş Şəkidə filmin təqdimat mərasiminin keçirilməsinin yaradıcı heyət üçün çox xoş olduğunu bildirmiş, filmin çəkilişləri ilə bağlı təəssüratlarını bölüşmüşdür. Ssenari müəllifi filmin tələbkar Şəki tamaşaçıları tərəfindən bəyəniləcəyinə ümidvar olduğunu bildirmişdir.
Qeyd edilmişdir ki, filmin çəkilişləri Azərbaycan, Gürcüstan və Türkiyədə aparılmışdır.
Filmin bəstəkarı Cavanşir Quliyev, operatoru Kənan Məmmədovdur. Əsas rollarda Xalq Artisti Rasim Balayev, habelə Nicat Həbibov, Fəxrəddin Manafov, Məlahət Abbasova və başqaları çəkilmişlər.
Sonra “Sübhün səfiri” filmi nümayiş olunmuşdur.
 

Keçidlər