Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

16 aprel 2016 | 13:04
Aprelin 15-də Şəkidə 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Şəki Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın geniş  yığıncağı keçirilib.
Əvvəlcə son günlər cəbhə xəttində düşmənin növbəti təxribatı nəticəsində şəhid olmuş hərbi qulluqçularımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hesabat yığıncağında müddət ərzində rayonda görülən işlər və qarşıda duran vəzifələr ətraflı təhlil olunub. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun hesabat məruzəsində bildirilib ki, birinci rübdə rayonda faktiki qiymətlərlə 62 milyon 459 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artıb. Buraxılan məhsulun 8,6 faizi dövlət mülkiyyətinin, 91,4 faizi isə özəl bölmənin payına düşür. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2,2 faiz artaraq 98 milyon 967 min manat olub. Müddət ərzində rayonda 825 nəfər daimi işlə təmin olunub.
Rüb ərzində rayon əhalisinin aztəminatlı təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib, 627 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilməklə, yardım alan ailələrin ümumi sayı 2169-a çatdırılıb.
Hesabat məruzəsində bildirilib ki, Şəki tarixən Azərbaycanın ən inkişaf etmiş aqrar rayonu kimi tanınıb. Taxılçılıq, heyvandarlıq, üzümçülük, bağçılıq, həmçinin tütünçülük və baramaçılıq rayonda kənd təsərrüfatının əsas sahələrini təşkil edib. Hazırda ənənəvi sahələrdən olan tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi üçün zəruri tədbirlər həyata keçirilir. 2016-cı ildə rayonda 730 hektar sahədə tütün əkini planlaşdırılır. Artıq istehsalçılarla “İnter-Tobacco” MMC arasında 551 hektar sahədə tütün əkini ilə bağlı müqavilə bağlanılıb. Bundan əlavə, 180 hektar sahədə iriyarpaqlı tütün sortlarının əkini üçün hazırlıq işləri aparılır.
Bildirilib ki, rüb ərzində aqrar sahədə məhsul istehsalının artırılması üçün zəruri tədbirlər həyata keçirilib, 2016-cı ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 67 min 373 hektar sahəyə aqrotexniki qulluq olunub.
Hesabat məruzəsində birinci rübdə əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib. Bildirilib ki, müddət ərzində rayonun 15 yaşayış məntəqəsinin qazlaşdırılması istiqamətində işlər davam etdirilib, 2 kəndə təbii qaz verilib. Rüb ərzində 1898 abonent təbii qazla təmin olunub. “Azərişiq” ASC-nin “Şimal-Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsi Şəki Elektrik Şəbəkəsinin yeni inzibati binası istifadəyə verilib.
Tədbirdə, həmçinin birinci rübdə vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrə toxunulub.
           Yığıncaqda Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru E.Səfərov, Şəki-İpək” ASC-nin İdarə Heyətinin sədri N.Qəribov,  “Fauna” MMC istixana təsərrüfatının aqronom-mütəxəssisi E.İlyasov və fermer, tütünçü Z.Abdurahmanov çıxış etmişlər.
Keçidlər