Şəkidə Çernobıl qəzasının ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
Çernobıl qəzasının 30-cu ildönümü ilə əlaqədar aprelin 25-da ADPU-nun Şəki filialının konfrans zalında tədbir keçirilmişdir.
Şəhər icra hakimiyyətinin, əlaqədar təşkilatların nümayəndələrinin, Azərbaycan Çernobl Əlilləri İttifaqı İB Şəki şəhər təşkilatının üzvlərinin iştirak etdikləri tədbirin əvvəlində faciə qurbanlarının, eyni zamanda ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq XX əsrin ən böyük radiasiya fəlakəti olan Çernobıl qəzasından 30 il keçdiyini, bu qəzanın yüzlərlə adamın həyatına son qoyduğunu, yüz minlərlə adam radioaktiv şüalanmaya məruz qoyduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, qəzanın nəticələrinin aradan qaldırılmasında 7 mindən çox azərbaycanlı, o cümlədən 70 nəfərə yaxın şəkili xüsusi xidmətlər göstərmiş, geridə qalmış bu illər ərazində fəlakət zonasına göndərilən neçə-neçə həmyerlimiz vəfat etmiş, yüzlərlə gənc azərbaycanlı ömürlük əlil olmuşdur. Bildirilmişdir ki, respublikamız müstəqillik əldə etdikdən sonrakı dövrdə çernoblçılar sanki yaddan çıxarılmışdır. Azərbaycanda Çernobıl əlillərinə göstərilən diqqət və qayğı məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə 1993-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi” haqqında Qanunun qəbul edilməsinin Çernobıl əlilləri və onların ailə üzvlərinin üzləşdiyi problemlərin həllində xüsusi əhəmiyyəti olmuşdur.
Çernobl Əlilləri İttifaqı İB Şəki şəhər təşkilatının sədri, ikinci qrup əlil Oqtay Həsənov 28 il əvvəl, 1986-cı il aprelin 26-da Çernobıl AES-də baş vermiş dəhşətli qəzanın acı nəticələri barədə danışmışdır. Diqqətə çatdırılmışdır ki, hazırda rayonda 67 nəfər Çernobıl iştirakçısı yaşayır. Onlardan 66 nəfərinin əlillik dərəcəsi vardır. Çernobıl əlilləri və iştirakçıları, onların ailə üzvləri daim dövlət qayğısı ilə əhatə olunmuşlar. Şəkidə yaşayan Çernobıl əlillərindən 10 nəfəri mənzillə təmin olunmuş, 7 nəfərə isə minik avtomobili verilmişdir.
Tədbirdə çıxış edən Çernobıl əlilləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə Çernobıl əlillərini maraqlandıran məsələlərə aydınlıq gətirilmiş, müraciətləri qeydə alınmışdır.
Şəhər icra hakimiyyəti tərəfindən Çernobıl qəzası iştirakçılarına maddi yardım göstərilmişdir.