Şriftin ölçüsü :

Saytın rəngi :

“Türk dünyasının mədəniyyət paytaxtı-Şəki 2016” ilinin açılış mərasimi keçirilib

30 aprel 2016 | 08:04

Aprelin 28-də Şəki şəhərindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, XVIII əsrə aid ölkə əhəmiyyətli tarixi abidə olan “Qala divarları”nın içərisində “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki 2016” ilinin açılışına həsr olunan tədbirlərə start verilib.
Tədbirdə TÜRKSOY-un və digər beynəlxalq təşkilatların rəsmiləri, türkdilli ölkələrdən gəlmiş nümayəndə heyətləri, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin təmsilçiləri, görkəmli elm və incəsənət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
“Paytaxt ili”nin təntənəli açılış mərasiminin proqramı olduqca maraqlı və rəngarəng tədbirlərlə zəngin olub.
Mərasim iştirakçıları əvvəlcə Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayının qarşısındakı meydançada xalqımızın qədim milli atüstü oyunlarından olan çövkən yarışlarını izləmiş, sarayın həyətində xanlıqlar dövrünü xatırladan bədii proqrama tamaşa ediblər.
Tədbir iştirakçıları daha sonra qoruğun ərazisindəki Dairəvi Məbədin həyətində təşkil edilən Şərq bazarını gəzmiş, el sənətkarlarının əl işlərindən ibarət sərgilərlə tanış olmuş, folklor və musiqi kollektivlərinin çıxışlarını dinləmiş, Şəki mətbəxinin ləziz təamlarına qonaq edilmişlər. Sonra onlar şəhərdəki qədim karvansarayın həyətində Şəki sənətkarlarının istehsal etdiyi sənət nümunələrinin satış-sərgisi ilə tanış olmuşlar.
Axşam saatlarında “Yuxarı Baş” Dövlət tarix-memarlıq Qoruğunun ərazisində yerləşən Yay teatrında “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki 2016” ilinin rəsmi açılış mərasimi keçiriləcək.
Mərasimdən sonra tədbir iştirakçılarına Azərbaycanın və türkdilli ölkələrdən gəlmiş musiqi kollektivlərinin iştirakı ilə maraqlı konsert proqramı təqdim olunacaq.

Keçidlər