Anım Günü ilə əlaqədar Şəkidə şəhidlərin xatirəsinə həsr edilmiş sərgi təşkil olunub
27 sentyabr - Anım Günü ilə əlaqədar Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəkili qəhrəmanlarımızın əziz xatirəsinə həsr edilmiş sərgi təşkil olunub.
Sərgidə Birinci və İkinci Qarabağ müharibəsində, antiterror əməliyyatında, atəşkəs dövründə şəhid olmuş həmyerlilərimizə aid fotoşəkillər, həmçinin Zəfər tariximizə, şəhidlərimizə həsr edilmiş rəsm əsərləri nümayiş etdirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyətin nümayəndələri sərgi ilə tanış olublar.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun imza atdığı tarixi Qələbədən, şəhid və qazilərimizin, müharibə iştirakçılarının döyüşlərdə göstərdiyi şücaətdən, həmin günlərdə xalqımızın nümayiş etdirdiyi milli birlikdən söz açılıb, təşkil olunmuş sərginin gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi rolu olduğu qeyd olunub.
Şəhid ailələrinin üzvləri çıxış edərək təşkilatçılara təşəkkür ediblər, bu cür layihələrin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.







