Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşləri şəhidi, baş leytenant Elnur İsgəndərovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

03 aprel 2026 | 12:45
Aprelin 2-də Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Aprel döyüşləri şəhidi Elnur İsgəndərovun xatirəsinə həsr olunmuş “Zəfər Mujdəsi - Aprel” adlı anım tədbiri keçirilib.
Şəki Dövlət Dram Teatrında keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Milli Məclisin deputatı Vüqar İskəndərov, Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatının, Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər komitəsinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, qazilər, hərbiçilər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Anım tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Aprel döyüşlərinin hərbi-siyasi və strateji əhəmiyyətindən danışılıb, qazanılan qələbənin 2020-ci ildəki böyük Zəfərə aparan yolun əsas başlanğıcı olduğunu qeyd olunub. Bu döyüşlərin Azərbaycan Ordusunun gücünü və xalqın dəstəyini bütün dünyaya nümayiş etdirdiyi diqqətə çatdırılıb. Döyüşlərdə Azərbaycan Ordusunun şücaəti, hərbi qulluqçularımızın fədakarlığı xüsusi vurğulanıb.
Çıxış edənlər Aprel döyüşləri şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Elnur İsgəndərovun şanlı döyüş yolundan danışıblar. Bildirilib ki, Aprel döyüşlərində Elnur İsgəndərov kimi oğulların igidliyi, qəhrəmanlığı sayəsində düşmən işğalında olan bəzi strateji əhəmiyyətli yüksəkliklər azad olunub, Ermənistan ordusunun məğlubedilməzlik mifi darmadağın edilib. Bununla da xalqımızın torpaqlarımızın tam azad ediləcəyinə olan inamı daha da artıb.
Şəhid Elnur İsgəndərovun anası Gülnar İsgəndərova çıxış edərək tədbirin təşkilatçılarına və dəstək olanlara təşəkkür edib.
Tədbirin bədii hissəsində “Natiq Ritm qrupu”nun çıxışı olub, M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin, Şəki Dövlət Dram Teatrının və Şəki Dövlət Regional Kollecinin təşkilatçılığı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib, vətənpərvərlik ruhunda mahnılar, şeirlər səsləndirilib.
Keçidlər