Şriftin ölçüsü :

Saytın rəngi :

Aqrar Sığorta Fondu: Şəkidə sığortalı fermerlərə zərər ödənişləri 500 000 manata çatdı

16 noyabr 2022 | 16:36

Ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində fermerlərə dəymiş zərər ödənişləri davam etdirilir. Bu dəfə Aqrar Sığorta Fondunun rəhbərliyi Şəki şəhərində fermerlərlə görüşərək mart ayında baş vermiş fırtınadan dəyən zərərlə bağlı sığorta ödənişlərini təqdim ediblər.

Bu ilin mart ayında Şəki rayonunun Turan qəsəbəsi, Şəki kəndi, Dərəcənnət, Sarıca, Bolludərə, Qayabaşı, Qaratorpaq, Çayqaraqoyunlu və digər kəndlərində baş verən güclü fırtına əkin sahələrinə, xüsusilə taxıl zəmilərinə böyük zərər vurmuşdur. Məhsullarını sığortalayan fermerlər tərəfindən təbiət hadisələri ilə bağlı Aqrar Sığorta Fonduna verilmiş məlumatlar əsasında müstəqil ekspertlərin zərərləri qiymətləndirməsindən sonra qanunvericiliyə uyğun zərər ödənişlərinin həyata keçirilməsinə başlanmışdır. Ümumilikdə Şəki rayonuda 354 müqavilə üzrə 500 000 manat zərər ödənişi öz təsdiqini tapmışdır. Şəkidə İcra hakimiyyətinin başçısı Elxan Usubovun, Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqovun və Şəki rayonu DAİM-nin direktoru Azər Şamilovun iştirakı ilə keçirilən tədbirdə sığortalı fermerlərə ödənişlər təqdim edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, son illər ölkəmizdə aqrar sahənin inkişafına dair bir çox mühüm işlər görülüb. Aqrar sığorta mexanizminin yaradılması sektorun inkişafı və ərzaq məhsullarının istehsalının artırılmasında önəmli yer tutur. Bu səbəbdən də keçirilən bütün səyyar qəbullarda aqrar sığorta ilə bağlı fermerlərimizi məlumatlandırır və onları təsərrüfatlarını sığortalamağa dəvət edirik. Kənd təsərrüfatı təbiətdən asılı sahə olduğu üçün əkinlərin baş verə biləcək risklərdən sığortalanması vacibdir. Fermerlərimizə dövlət tərəfindən ayrılan subsidiyalar, sığorta təminatı onların davamlı fəaliyyəti üçün böyük dəstəkdir və bütün fermerlərimizin öz gəlirlərini qoruması üçün bu xidmətlərdən istifadə etməsi üçün hər bir imkan yaradılıb.

Şəki rayonu aqrar sahənin inkişaf etdirilməsi baxımından yüksək imkanlara malikdir. Son dövrlərdə baş verən qlobal iqlim dəyişiklikləri ilə əlaqədar kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsi istehsalın davamlılığını və qida təhlükəsizliyini təmin edən əsas və vacib amillərdəndir.

Aqrar Sığorta Fondu tərəfindən ilin sonunadək bitkiçilik təsərrüfatlarında baş verən hadisələrlə bağlı 3 mln manat zərər ödənişlərinin edilməsi gözlənilir. Bu isə fermerlər tərəfindən dövlət dəstəkli aqrar sığorta mexanizminə olan etimadın yüksəlməsi və aqrar sığortanın əhatə dairəsini genişləndiriməsinin məntiqi nəticəsidir. 

Qeyd edək ki, 2021-2022-ci il əkin mövsümündə Şəki rayonunda 3279 sığorta müqaviləsi üzrə 27283 hektar təsərrüfat sığortalanmışdır ki, bunun da 90%-ni taxıl, 10%-ni fındıq sahələri təşkil edir.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki,  bu günlərdə Qobustan rayonunda fırtınadan zərər çəkən sığortalı fermerlərə 300000 manat zərər ödənişləri edildi, bu gün isə Şəki rayonu üzrə ümumilikdə 500 000 manat məbləğində zərər ödənişlərinə başlanılıb. Aqrar sığorta sistemi ölkənin bütün bölgələrinə genişlənərək istehsal həcminin təxminən 95%-ini əhatə etmək imkanına malik olmuşdur. Kənd təsərrüfatı sahəsində çalışan bütün fermerlər bu sistemin xidmətlərindən istifadə edə bilər.

Onun sözlərinə görə, dövlət dəstəkli aqrar sığorta Prezident cənab İlham Əliyevin fermerlərə xüsusi qayğısının bariz nümunəsidir. Dövlət fermerləri subsidiyalarla daim dəstəkləyir. Aqrar sığorta da bu dəstəyin davamıdır. Fermerlərin bu xidmətlərdən istifadə edə bilməsi üçün hesablanmış sığorta haqqının 50 faizi dövlət büdcəsi hesabına ödənilir. Buna görə də biz fermerlərə səslənirik ki, onlar bu xidmətdən faydalansınlar və öz məhsullarını qorusunlar. Hazırda payızlıq əkinlərin  davam etdiyini bildirən Fuad Sadıqovun sözlərinə görə ölkədə 1 milyon 900 min hektar əkin ərazisi var və bunun da 1 milyonu payızlıq əkinlərdir. Fermerlərimizə çağırış edirik ki, məhsullarını vaxtında sığortalasınlar ki, hadisə baş verdikdə zərərə məruz qalmasınlar və subsidiyalardan yararlana bilsinlər. 

Şəki rayonu DAİM-nin direktoru Azər Şamilov çxışında bildirib ki, bu il bir çox əkin sahələri zərərə məruz qalsa da yalnız sığorta xidmətlərindən faydalanan fermerlər öz gəlirlərini qoruya biliblər. Bu səbəbdən fermerlərin aqrar sığorta sisemindən faydalanması vacibdir və bu gün onlara təqdim edilən zərər ödənişlərindən sonra sığortalananların sayı artacaq və bu da öz növbəsində kənd təsərrüfatında fəaliyyətlərin davamlılığına dəstək olacaq.

Tədbirdə fermerləri maraqlandıran suallar cavablandırılıb. Bölgələrdə aqrar sığorta ilə bağlı görüşlərin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Keçidlər