Aşağı seçki komissiyalarının üzvləri Şəkidə treninqlərə cəlb olunub
Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq çərçivəsində Şəki rayonunda fəaliyyət göstərən 114 və 115 saylı seçki dairələrində aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir. Yanvarın 17-də başlayan treninqlərə hər iki seçki dairəsi üzrə, ümumilikdə, 630 nəfər komissiya üzvü cəlb edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 114 saylı Şəki şəhər seçki dairəsində keçirilən treninqlərin ilk günündə dairənin tərkibinə daxil olan 12 seçki məntəqəsinin 72 nəfər komissiya üzvü iştirak edib. Yanvarın 18-də keçirilən məşğələlərdə də 12 seçki məntəqəsinin komissiya üzvləri iştirak edirlər. Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kursunda iştirak etmiş Tehran Əzizov və Elnur Mustafayev aparırlar. Təlim prosesində iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü prosesləri və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması, yekun protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verilib. Treninqlər dörd gün davam edəcək.
Dairə seçki komissiyasının sədri Kamran Rəsulov bildirib ki, dəqiqləşdirilmiş son seçici siyahılarına görə, seçicilərin ümumi sayı 53 min 286 nəfərdir. Onlardan 957 nəfəri 80-100 yaş arasındadır. Dairə üzrə ən yaşlı seçici 100 yaşlı Sadiqə Məmmədovadır. 4261 gənc isə bu seçkilərdə ilk dəfə səs verəcək. İndiyədək 134 nəfər yerli müşahidəçi dairədə qeydiyyatdan keçib.
Aşağı seçki komissiyaları üzvləri üçün maarifləndirici treninqlər 115 saylı Şəki kənd seçki dairəsində də mütəşəkkil qaydada davam edir. Dairə seçki komissiyasının sədri Rasim Əzizovun bildirdiyinə görə, treninqlərə dairənin tərkibinə daxil olan 61 seçki məntəqəsinin 366 nəfər komissiya üzvü cəlb olunub.
Dairə seçki komissiyasının üzvləri Bilal Yusifov və Nəsib Lətifovun tədris etdiyi məşğələlər zamanı vurğulanıb ki, seçkilərin demokratik və şəffaf keçirilməsi məntəqə seçki komissiyaları üzvlərinin fəaliyyətindən çox asılıdır. Ona görə də, komissiya üzvləri peşəkarlıq səviyyəsini, bilik və bacarıqlarını daha da artırmalı, seçki günü üzərlərinə düşən vəzifələri dəqiq bilməli və layiqincə yerinə yetirməlidirlər.
Treninqlərin birinci günü keçirilən məşğələlərin gedişini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının Danimarka və Moldovadan olan uzunmüddətli müşahidəçiləri də izləyiblər.
Dairə seçki komissiyası sədrinin sözlərinə görə, seçicilərin ümumi sayı 54 min 442 nəfərdir. Onlardan 3673 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Seçicilərin 940 nəfəri 80-100 yaş arasındadır. Dairə üzrə ən yaşlı seçici isə Cumakənddə yerləşən 50 saylı seçki məntəqəsində səs verəcək 1923-cü il təvəllüdlü Qasımova Gülümnaz Vahid qızıdır. Səsvermə günü Gülümnaz nənənin yaşadığı evə daşınan seçki qutusu göndəriləcək.