Şriftin ölçüsü :

Saytın rəngi :

Azadə Hüseynova: Şəki dünya üçün də dəyərlidir

08 iyul 2022 | 11:33

2019-cu il iyulun 7-də Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bununla əlaqədar olaraq iyulun 7-si Şəkidə “Şəhər Günü” kimi geniş qeyd olunur. Bu tədbirlər gələcəkdə də davam etdiriləcək. Şəki əvvəllər təkcə özümüz üçün dəyərli idi. Ümumdünya irsi ərazisi olduğundan artıq dünya üçün də dəyərlidir. Şəkini dəyərli edən onun Orta əsr şəhər memarlığına məxsus xüsusiyyətləridir. Şəki kirəmitli damları, tacir evləri, sənətkarlığı, mətbəxi, pitisi ilə dəyərlidir. Dövlət Turizm Agentliyi olaraq, məqsədimiz bu dəyərləri qorumaqla Şəkiyə daha çox turistləri cəlb etməkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova Şəkidə keçirilən “Şəhər günü” bayram tədbirində jurnalistlərə müsahibəsində deyib.

UNESCO-nun Ümumdünya İrs Siyahısına üzv olan Şəkinin tarixi hissəsində Dünya İrs Konvensiyasının tələblərinə cavab verən onlarla abidənin olduğunu qeyd edən qurumun rəsmisi bildirib ki, Agentliyin təşəbbüsü ilə Şəkinin Milli Tarix-Memarlıq Qoruğunun ərazisində olan daha 58 abidə dövlət mühafizəsinə götürülüb. Hazırda Qoruğun ərazisindəki bir neçə tarixi binanın təmir-bərpası həyata keçirilir. “Qala divarları”nın içərisindəki muzeylər bərpa olunur və daxili tərtibatı müasir tələblərə uyğun yenilənir.

Azadə Hüseynova onu da vurğulayıb ki, Dövlət Turizm Agentliyinin məqsədi dünya irsi siyahısına düşmək potensialı olan digər qoruqları, həmçinin mədəniyyət beşiyimiz Şuşanı, işğaldan azad olan digər ərazilərimizi də dünya irs siyahısına daxil etməkdir.

Keçidlər