Azərbaycanın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrinin (NDC) və Uzunmüddətli Strategiyasının (LTS) hazırlanmasına həsr olunmuş onlayn görüş keçirilib
Məlum olduğu kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası cari ilin 11-22 noyabr tarixlərində Bakı şəhərində keçiriləcəkdir. COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətin bütün diqqətini ölkəmizə, xüsusilə də ətraf mühitin qorunması və iqlim dəyişmələrinin təsirlərinin azaldılması istiqamətində həyata keçirilən faəliyyətlərə yönəltmişdir.
Azərbaycan Respublikası Paris Sazişini 2016-cı ildə ratifikasiya edərək qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə özünün töhfəsi olaraq baza ili ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qaz emissiyalarının səviyyəsində 35% azalmanı Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr Sənədində (NDC) hədəf kimi götürmüşdür. 2021-ci ildə Qlazqo şəhərində keçirilmiş Konvensiyanın Tərəflər Konfransının 26-cı sessiyasında emissiyaların baza ili ilə müqayisədə 2050-ci ilə qədər 40% azaldılması ilə bağlı yenilənmiş hədəf bəyan edilmişdir.
Qeyd edək ki, Paris Sazişinə uyğun olaraq, tərəf ölkələr hər 5 ildən bir yenilənmiş NDC sənədlərini Konvensiyanın Katibliyinə təqdim etməlidir. Bununla yanaşı Paris Sazişinin hədəflərinə uyğun olaraq uzunmüddətli perspektivdə qlobal temperatur artımının 1.50C-dək məhdudlaşdırılması üçün Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyaları (LTS) hazırlanır.
Sözügedən sənədlərin hazırlanmasında bütün maraqlı tərəflərin fəal iştirakı və öz töhfələrini verməsi mühüm əhəmiyyət kəsb edir.
Bu məqsədlə avqust ayının 30-da yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə ölkə üzrə hazırlanacaq NDC və LTS sənədləri ilə bağlı onlayn müzakirə keçirilmişdir.
Görüşdə iştirakçıların məsələ ilə bağlı rəy və təklifləri dinlənilmiş, fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, bu cür müzakirələr ölkəmizin iqlim dəyişmələri ilə mübarizədə daha səmərəli və təsirli strategiyaların formalaşdırılmasına imkan yaradacaqdır.