“Azəripək” MMC-də istehsal olunan məhsullar Türkiyə, İran və Hindistana ixrac edilir
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda baramaçılığın inkişaf etdirilməsi və ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən zəruri tədbirlər respublikamızın şimal-qərb bölgəsinin ən iri sənaye müəssisələrindən olan “Azəripək” MMC-nin (keçmiş “Şəki-İpək” ASC) fəaliyyətini əhəmiyyətli dərəcədə canlandırıb.
AZƏRTAC-ın bölgə müxbiri “Azəripək” MMC-də olub, müəssisənin fəaliyyəti ilə maraqlanıb.
“Azəripək” MMC-də bu ildən ipək vata istehsalına başlanılıb
Məhdud Məsuliyyətli Cəmiyyətin sədrinin müşaviri Teymur Musayevlə söhbət zamanı bildirdi ki, müəssisənin fəaliyyəti, ilk növbədə, zəruri xammal bazasından asılıdır. 2022-ci ildə respublikanın 40 rayonunda barama yetişdirilib, 341 ton yaş barama istehsal olunub. Hazırda müəssisədə barama çeşidləyici sex, baramaaçan, burucu, toxucu və boyaq-bəzək istehsalatları fəaliyyət göstərir. Bu il “Azəripək” MMC-nin ipək xalça sexinin fəaliyyəti də bərpa edilib. 2022-ci il yanvarın əvvəlindən müəssisədə ipək vata istehsalı üçün 4 ədəd yeni avadanlıq da quraşdırılıb və hazırda bu avadanlıqlar birnövbəli iş rejimində işləyir. İstehsal olunan məhsul əsasən Türkiyəyə satılır. Bu istehsalatlarda, ümumilikdə, 350 nəfər daimi işçi çalışır.
On bir ayda 27,1 ton xam ipək istehsal olunub
Onun sözlərinə görə, mövcud xammal ehtiyatı birnövbəli iş rejimində müəssisənin ilboyu fasiləsiz işləməsinə imkan verir. Cari ilin 11 ayında müəssisədə 27,1 ton xam ipək istehsal olunub. Burada istehsal olunan ipək parça, kəlağayı, xalça, şərf, müxtəlif baş örtükləri, ilməlik sap və digər məhsullar Türkiyə, İran və Hindistana ixrac edilir, eyni zamanda, daxili bazarda satışı həyata keçirilir. Bu il Moskvada təşkil olunan sərgidə “Azəripək” MMC-nin məhsulları da nümayiş etdirilib. Gələn il Rusiyanın şirkətləri ilə də müqavilələrin bağlanması nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri rayonlardan tədarük edilən baramanın sonrakı emal prosesi ilə tanış olmaq məqsədilə “Azəripək” MMC-nin baramaaçan istehsalatında da olub, işçilərlə söhbətləşib.
Mexaniki dəzgahların hamısı istehsalatdan çıxarılıb
İstehsalatın meneceri Şükür Bayraməliyevin bildirdiyinə görə, kümçülərdən tədarük olunan yaş barama müəssisənin xammal şöbəsinə təhvil verilir, qurudulur, tərəcələrə sərilir. Daha sonra çeşidlənib təmizlənir və baramaaçan istehsalatının anbarına yığılır. Baramaaçan istehsalatının birnövbəli iş rejimində ilboyu fəaliyyət göstərməsi üçün 120 ton quru barama tələb olunur. Hazırki xammal ehtiyatı ilə bu istehsal sahəsi növbəti barama mövsümünədək fasiləsiz fəaliyyət göstərə biləcək.
Onun məlumatına görə, baramaaçan istehsalatında olan mexaniki dəzgahların hamısı istehsalatdan çıxarılıb. Hazırda burada 4 seriya avtomat baramaaçan dəzgah işləyir. Hər bir seriyada 20 ədəd baramaaçan dəzgah var və 18 nəfərədək işçi çalışır. Avtomat dəzgahların məhsuldarlığı mexaniki dəzgahlardan 1,6 dəfə çoxdur. Hazırda bu dəzgahlarda gün ərzində 145-150 kiloqram xam ipək istehsal olunur.
Ümumiyyətlə, baramaaçan istehsalatında gündəlik olaraq orta hesabla 420-450 kiloqram barama emal olunur. İstehsalatda əsasən 310 nömrəli ipək sap istehsal edilir. İstehsal olunan xam ipək sonra istehsalatın ipək otağına gətirilir, tikilir, keyfiyyəti müəyyənləşdirilir, yenidən qablaşdırılır, kipləşdirilir və mərkəzi anbara göndərilir.
Hazırda baramaaçan istehsalatında 122 işçi çalışır. Onların orta aylıq əməkhaqqı 350-500 manat arasındadır.
İşçilər yaradılan şəraitdən razılıq edirlər
İşçilərlə söhbət zamanı Xuraman Süleymanova, Nailə Hüseynova, Elnarə Sadıqova, Əsabəli Şamxalov və başqaları ölkəmizdə baramaçılığın və ipəkçiliyin inkişafına, həmçinin müəssisənin fəaliyyətinin bərpa olunmasına göstərdiyi diqqət və qayğıya görə kollektiv adından dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.