Şriftin ölçüsü :

Saytın rəngi :

Baharın gəlişi Şəkidə yüksək bayram əhvali-ruhiyyəsi ilə qeyd olunur

18 mart 2026 | 17:55

Şəkidə xalqımızın qədim adət-ənənələrindən olan Novruz bayramı şənlikləri bir neçə gündür davam edir. Şəkililər bu qədim el bayramını böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər.

İlaxır çərşənbə - Torpaq çərşənbəsi və Novruz bayramı münasibətilə martın 17-də Şəki şəhərinin qədim tarixi hissəsi –“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində ümumşəhər bayram şənliyi keçirilib. Şəki Şəhər İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu və Şəki Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə keçirilən bayram şənliyində şəhər rəhbərliyi, sakinlər, şəhərin qonaqları iştirak ediblər.

Bayram tədbirinin iştirakçıları əvvəlcə Şəki sənətkarlarının əlişlərindən ibarət sərgilərə baxıblar.

Çıxışlarda qeyd olunub ki, xalqımızın milli adət-ənənələrini özündə əks etdirən, xalqın inancından, etiqadından yaranan və günümüzə qədər qorunub saxlanılan Novruz bayramı yurdumuza qədəm qoyur. Xalqımız bu gün Novruz bayramını bütöv Azərbaycanın hər bir guşəsində böyük ruh yüksəkliyi ilə qeyd edir.Ölkəmizin hər yerində olduğu kimi, Şəki şəhərində də Novruz ənənələri yüksək səviyyədə qorunur və gələcək nəsillərə ötürülür.

Bayram tədbirində M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin “Abay”, Uşaq İncəsənət Məktəbinin və Şəki Dövlət Regional Kollecinin rəqs kollektivləri, Ələfsər Şəkili adına “Zurnaçılar”, 3 nömrəli Uşaq Musiqi Məktəbinin “Nağaraçılar”, Turan qəsəbə Uşaq Musiqi Məktəbinin “Buta” saz ansamblları, solo ifaçılar maraqlı konsert proqramı ilə çıxış ediblər.

Konsert proqramı başa çatdıqdan sonar bayram tonqalı alovlandırılıb, şənlik iştirakçıları tonqalın ətrafında rəqs ediblər.

Novruz şənlikləri Şəki şəhərinin ayrı-ayrı məhəllələrində müxtəlif bayram tədbirləri ilə davam edib.

Keçidlər