Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq konfransın iştirakçıları Şəkidə

13 oktyabr 2023 | 09:29

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Türk Dövlətləri Təşkilatının təşkilatçılığı ilə “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın proqramı çərçivəsində oktyabrın 12-də Şəki şəhərinə tur təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər proqramına uyğun olaraq, konfrans iştirakçıları şəhərin qədim tarixi hissəsinin - “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisini gəzib, tarixi abidələrlə tanış olub, sənətkarlıq emalatxanalarına baş çəkiblər. Məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir. Hazırda qoruğun ərazisindəki tarixi abidələrdə Dövlət Turizm Agentliyi tərəfindən təmir-bərpa işləri davam etdirilir.

Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayı ilə tanışlıq konfrans iştirakçılarında böyük maraq doğurub. Qonaqların diqqətinə çatdırılıb ki, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Məlumat verilib ki, Xan Sarayı XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal və rəngli şüşə düşür.

Qonaqlar sarayın önündə xatirə şəkilləri çəkdirib, yerli musiqiçilərin ifasında muğam və xalq mahnılarını dinləyiblər.

Qoruğun ərazisində yerləşən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq zamanı qeyd edilib ki, keramika sənəti qədim dövrlərdən başlayaraq Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən biri olub. Sənətkarlar diyarı kimi tanınan qədim Şəkidə sənətkarlığın digər növləri kimi, keramika sənəti də bu günə qədər öz əhəmiyyətini saxlayıb. Bildirilib ki, mərkəzin yerləşdiyi bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. Mərkəzin yaradılmasında əsas məqsəd ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindən ibarətdir. Bura həm də Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşüb.

Qoruğun ərazisindəki Şəki Dövlət Rəsm Qalereyası ilə tanışlıq zamanı məlumat verilib ki, qalereya XIX əsrdə çar Rusiyası əsgərlərinə məxsus kazarma kimi inşa edilmiş binada fəaliyyət göstərir. 1982-ci ildən rəsm qalereyası kimi istifadə edilən bina dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Bina çay daşı və bişmiş kərpicdən yerli memarlıq üslubunda tikilib. 2022-ci ildə Dövlət Turizm Agentliyi tərəfindən bərpa edilərək yenidən ziyarətçilərin istifadəsinə verilib. Təmir işləri zamanı binanın tarixi-memarlıq üslubu qorunmaqla onun fasadı, dam örtüyü bərpa edilib, kommunikasiya sistemi tamamilə yenidən qurulub. Rəsm Qalereyasının fondunda 261 eksponat saxlanılır. Onlardan 61-i rəsm əsəri və 9-u heykəl olmaqla, 70 eksponat hazırda ekspozisiyada sərgilənir.

Sonra qonaqlar qoruğun ərazisində yerləşən və inşa tarixi XVIII əsrin sonlarına aid edilən “Yuxarı Karvansaray” mehmanxana-kompleksinin həyətində Şəkinin tarixi, mədəni irsi haqqında sərgiyə baxıblar. Bildirilib ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks üç yüzədək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn turistlər əsasən bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Bildirilib ki, hazırda bu abidə mehmanxana kimi fəaliyyət göstərir.

Beynəlxalq konfransın iştirakçıları Şəkidən xoş təəssüratlarla ayrılıblar.

Keçidlər