Şriftin ölçüsü :

Saytın rəngi :

Bir ildə Şəkidə arı ailələrinin sayı 640-dan çox artıb

12 yanvar 2023 | 16:44

Şəki rayonunda 511 təsərrüfatçı arıçılıqla məşğul olur. Hazırda rayonun arıçılıq təsərrüfatlarında 19 min 748 arı ailəsi (pətək) var. Arıçılığın inkişafına göstərilən dövlət dəstəyinin nəticəsidir ki, 2022-ci ildə rayonda arı ailələrinin sayı əvvəlki illə müqayisədə 646 ailə artıb. Ötən il rayonda 150 tonadək bal istehsal olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.

Qurum rəsmisi bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, 2022-ci ildə Şəki rayonunda arıçılıqla məşğul olan 511 arıçıya saxladıqları 19 min 748 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 197 min 480 manat subsidiya ödənilib. Ümumiyyətlə, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli Sərəncamının icrası olaraq, son 5 ildə Şəki rayonunda arıçılara 721 min 900 manat subsidiyanın ödənilməsi təmin edilib.

Sektor müdiri bildirib ki, dövlətimizin başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə əsasən, kənd təsərrüfatının ənənəvi sahələrindən olan arıçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, kənd əhalisinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri işlər həyata keçirilməkdədir.

“Arı ailələrinin sayının artırılması ilə yanaşı, məhsuldarlığının yüksəldilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması hədəf seçilib. Azərbaycanda nektar verən bitki örtüyünün böyük hissəsinin dağlıq rayonların payına düşdüyünü nəzərə alsaq, Şəki rayonunda da bu sahədə böyük potensialın olduğunu qeyd etmək olar”,- deyə N.Rəcəbov vurğulayıb.

Sektor müdiri bildirib ki, hər il arıçılıq məhsullarının sərgi-satış yarmarkaları keçirilir. Bu, arıçıların maddi imkanlarının yaxşılaşmasına şərait yaradır. Ötən il təşkil olunan yarmarkada Şəki rayonundan 8 arıçı iştirak edib və onlar öz arıçılıq məhsullarının yüksək səviyyədə satışını həyata keçiriblər.

Keçidlər