Bu gün Beynəlxalq Qadınlar Günüdür
Bu gün dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir.
Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir.
Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, yurdumuzun hər qarışını canından əziz bilən vətənpərvər nəsil yetişdirib.
2025-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil etmiş, ötən ildə doğulmuş 102,3 min körpədən 47,0 faizi qız uşaqları olmuşdur.
Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80 faizdən çoxu, orta ixtisas təhsil müəssisələrində 80 faizə və ali təhsil müəssisələrində 60 faizə qədəri, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 45 faizdən, orta ixtisas təhsili müəssisələri tələbələrinin 60 faizdən, ali təhsil müəssisələri tələbələrinin isə 50 faizdən çoxunu qızlar təşkil edir.
Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 60 faizdən çoxunu qadınlar təşkil edir ki, onların da 30 faizə qədərinin elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi vardır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.
Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,0 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,7 faiz, fərdi sahibkarlar arasında isə 23,3 faizdir.
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları səmimi qəlbdən təbrik edir, onlara daimi xoşbəxtlik, sevgi və gözəl günlər arzulayırıq!