Bu il Şəkidə 269 fermer tütün əkəcək
Cari təsərrüfat ilində Şəki rayonunda 1387 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Əkin sahələrinin ötən illə müqayisədə 137 hektar artırılması nəzərdə tutulur. Şəkili fermerlər builki mövsümdə 1019 hektar sahədə “Virciniya botaniki”, 368 hektarda isə digər növ tütün yetişdirəcəklər. Hazırda təsərrüfatlarda tütün əkininə hazırlıq işləri davam etdirilir.
Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tütün əkini ilə əlaqədar indiyədək 269 fermerlə müqavilə bağlanılıb. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 1212 hektar təşkil edir. Bundan əlavə, torpaq mükiyyətçiləri tərəfindən fərdi şəkildə 170 hektaradək sahədə tütün əkilməsi proqnozlaşdırılır. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 52,6 min kvadratmetr sahədə sadə istixanalar hazırlanaraq toxum səpilib. Şitillərin aprelin 20-dən sonra sahələrə köçürülməsi nəzərdə tutulur.
Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1250 hektar sahədən 3602,5 ton quru tütün əldə ediblər.