Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Şəkidə 3 min tondan çox quru tütün istehsal olunub

21 dekabr 2022 | 11:27

Şəki rayonunun təsərrüfatlarında tütün yığımı başa çatıb. Cari ildə rayonda 3 min 15 ton quru tütün istehsal olunub. Qurudulmuş tütünün 2 min 485 tonu bu günədək tədarük müəssisələri tərəfindən qəbul edilib və hazırda proses davam edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.

Qurum rəsmisi bildirib ki, cari mövsümdə rayonun təsərrüfatlarında 1250 hektar sahədə tütün əkilib. Şəkili fermerlər bu il 917 hektar sahədə “Virciniya botaniki”, 333 hektarda isə yerli tütün sortları yetişdiriblər. Builki mövsümdə rayonda 350-dək fermer tütünçülüklə məşğul olub. Bu təsərrüfatlarda 1300 nəfərdən çox kənd sakininin məşğulluğu təmin edilib.

Tütün yığımı dövründə rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrindəki 246 ədəd tütünqurutma kamerasının hamısı işlək vəziyyətdə olub. Sahələrdən dərilən yaş tütün qurudulmaq üçün birbaşa bu məntəqələrə gətirilərək kameralara yerləşdirilib. Eyni zamanda, yerli tütün sortları istehsalçılar tərəfindən ipə düzülərək də qurudulub.

Keçidlər