“CNN Arabia” telekanalı Şəki haqqında reportaj yayımlayıb
Nüfuzlu “CNN Arabia” telekanalında Azərbaycanın dilbər guşələrindən biri olan Şəki şəhəri barədə reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, 70 ölkəyə səyahət etmiş reportyor Qasim Əl-Hato Azərbaycanın Şəki şəhərinin məşhur İpək Yolunun kəsişməsində yerləşdiyi və onun tarixi mərkəzinin 2019-cu ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyini bildirib.
Yutub kanalında da Şəkiyə səfəri haqqında təəssüratlarını paylaşan reportyor deyib: “Mən bu şəhərin gözəlliyinə, füsunkar təbiətinə valeh oldum. Bu kiçik şəhərin əksər ərazilərini piyada gəzmək olar. Şəki bazarından suvenir, ənənəvi Azərbaycan papağı ala bildim və milli mətbəxin müxtəlif ləzzətli təamları, məsələn, “Şəki halvası və pitinin dadına baxdım”.
Reportajda diqqətə çatdırılıb ki, Şəki daş döşənmiş küçələri və orta əsr binaları ilə Azərbaycanın ən gözəl şəhərlərindən biri hesab olunur. Burada şəhərin ən məşhur turistik məkanı olan Şəki Xan Sarayı yerləşir.