Daşqın Mikayılov: Yeni Azərbaycan Partiyası qarşıya qoyulan məqsəd və amal uğrunda inamla irəliləyir
Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə xalqın sınanmış lideri və müdrik oğlu ulu öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşiblər.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov söyləyib.
“Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Heydər Əliyevə müraciət göndərildi. Ümummilli lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. 1992-ci il noyabrın 21-də Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin iştirakı ilə keçirilən konfransda ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilib. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yaranıb”, - deyə D.Mikayılov bildirib.
Təşkilat sədri qeyd edib ki, qısa zaman çərçivəsində xalqı ətrafına toplayaraq iqtidar partiyasına çevrilmiş YAP, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqləyib və Azərbaycanın müstəqilliyinin təminatçısı kimi özünü doğruldub. Milyonların dəstəklədiyi və ardınca inamla addımladığı partiya illərin sınağından cəsarətlə çıxaraq, qarşıya qoyulan məqsəd və amal uğrunda inamla mübarizə aparıb.
Daşqın Mikayılov deyib ki, yarandığı gündən Yeni Azərbaycan Partiyasının məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiya 30 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib: “YAP bütün məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının ifadəçisi kimi çıxış edib. Partiya ulu öndər Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib”.
O qeyd edib ki, bu gün ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmiz uğurla inkişaf edir. Son illərin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, respublikamızın uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun durmadan artması, daxili və xarici siyasətin ən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi Ümummilli Liderin idarəçilik məktəbinin Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsinin nəticəsidir. İndi Azərbaycan dünya birliyini maraqlandıran ən qlobal layihələrin təşəbbüskarı, iştirakçısı və müəllifidir. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihənin icrası mümkün deyil.
“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi, siyasi və diplomatik sahələrdə uğurlu fəaliyyətin həyata keçirilməsi, xalq-iqtidar birliyi 30 ilə yaxın müddətdə düşmən işğalı altında qalan tarixi torpaqlarımızın azad edilməsi ilə nəticələnib. Qüdrətli Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlar apararaq 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi, düşmənin məğlub olaraq qarşımızda diz çökməsi və təslim olması xalqımızın tarixi Zəfəridir. Təəssüf ki, müharibə itkisiz olmur. Vətən müharibəsində Qələbəmiz şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına əldə olunub. Vətən yolunda canlarından keçən qəhrəman oğulların əziz xatirəsi dövlətimiz və xalqımız tərəfindən uca tutulur, şəhid ailələrinin və müharibə əlillərinin problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.
Hazırda işğaldan azad olunmuş ərazilərdə sürətlə bərpa-quruculuq işləri aparılır. Yeni yol infrastrukturu inşa olunur, elektrik enerjisi ilə təchizat məsələləri həll edilir, hava limanları tikilib istifadəyə verilir, ərazilərin minalardan təmizlənməsi prosesi həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən Qarabağ “yaşıl enerji” zonası elan edilib. Yaşayış məntəqələri “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında bərpa olunur. Artıq Böyük Qayıdışa da start verilib və inanırıq ki, yaxın müddətdə bütün keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdacaqlar”, - deyə YAP rayon təşkilatının sədri qeyd edib.