Şriftin ölçüsü :

Saytın rəngi :

DSX-nin Nümunəvi Hərbi Orkestri “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının səhnəsində

08 iyul 2023 | 11:21

Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının sonuncu günündə - iyulun 7-də günorta saatlarında tamaşaçılara Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin konserti təqdim olunub. Konsert Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Marxal” kompleksinin Yay Teatrında keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, festivala dəvət olunan qonaqlar, musiqisevərlər iştirak ediblər. Məlumat verilib ki, Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri ilk dəfə 2004-cü il iyunun 21-də Prezident İlham Əliyevin Xudat Sərhəd Dəstəsinə səfəri zamanı çıxış edib. Həmin vaxtdan Hərbi Orkestr Dövlət Sərhəd Xidmətində, eləcə də respublikamızda keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə fəal iştirakı ilə seçilir. Kollektiv Sərhəd Xidmətinin hərbi qulluqçularının döyüş ruhunun yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə tez-tez hərbi hissələrdə sərhədçilər qarşısında konsertlər verir.

Orkestrin repertuarını müxtəlif janrlı əsərlər – klassik, caz, estrada və populyar musiqi təşkil edir. Repertuarda vətənpərvərlik ruhunda mahnılara, habelə xalq və bəstəkar mahnılarına, o cümlədən Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev və digər bəstəkarların əsərlərinə üstünlük verilir. Nümunəvi Hərbi Orkestr dəfələrlə ölkəmizin hüdudlarından kənarda keçirilən festivallarda iştirak edib, yüksək mükafatlara layiq görülüb.

Orkestrin bədii rəhbəri və dirijoru Əməkdar artist, polkovnik-leytenant Səməd Vəkilovdur.

Konsert görkəmli bəstəkar Firəngiz Əlizadənin “Zəfər Marşı” əsəri ilə başlayıb. Solistlər Əməkdar artist Tural Ağasiyev, Fatimə Cəfərzadə və Fəxri Kazım-Nicatın ifasında Üzeyir Hacıbəyli, Ramiz Mirişli, Fikrət Əmirov və digər Azərbaycan və xarici ölkə bəstəkarlarının mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertin sonunda kollektivə festivalla bağlı xatirə hədiyyəsi təqdim olunub.

İyulun 7-də axşam “Marxal” kompleksinin Yay Teatrında Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi olacaq.

Keçidlər