Firəngiz Əlizadə: On ikinci dəfə festival keçirmək doğrudan da çox qürurverici hadisədir
Biz çox şadıq ki, artıq 12-ci dəfə gözəl Şəkidə “İpək Yolu” Beynəlxalq Musiqi festivalını keçiririk. Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı çox əlamətdar vaxtda keçirilir. Bu il Ulu Öndərimizin – Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir. Eyni zamanda, Türk xalqlarının birliyi ilidir. Ona görə də festivalımızın proqramını buna uyğun tərtib etmişik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, UNESCO-nun Sülh artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə söyləyib.
Festivalın proqramının olduqca zəngin olduğunu vurğulayan Firəngiz Əlizadə deyib: “Festivala “İntizar” operası ilə başladıq. Bu opera bizim tarixi Qələbəmizə həsr olunub. Bu Qələbəni Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman xalqımız, igid əsgər və zabitlərimiz əldə edib. Festivalda Hərbi Orkestrin ifasında vətənpərvərlik mahnıları, musiqilər səsləndiriləcək. Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, “Zəfər” muğam qrupu, həmçinin Türk xalqlarının nümayəndələri rəngarəng konsert proqramları ilə çıxış edəcəklər. On ikinci dəfə festival keçirmək doğrudan da çox qürurverici hadisədir. Ümid edirik ki, festivalımız bu dəfə də şəkililərin, şəhərin qonaqlarının ürəyincə olacaq”.