Şriftin ölçüsü :

Saytın rəngi :

Hafiz Quliyev: Festivalın tədbirlərinin tarixi abidələrin önündə keçirilməsi çox önəmlidir

10 iyul 2022 | 13:42

Dövlət Akademik Opera və Balet Teatrı Şəkidə ənənəvi olaraq hər il keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında artıq 7-ci dəfədir iştirak edir. Bu festival çərçivəsində biz indiyədək şəkili teatrsevərlərə və şəhərin qonaqlarına muğam operalarımızdan olan Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını, “Arşın mal alan” operettasını, Müslüm Maqomayevin “Şah İsmayıl” operasını, Qara Qarayevin “Yeddi gözəl” baletini və başqa tamaşaları təqdim etmişik. Builki festivalda isə tamaşaçılar görkəmli bəstəkarımız Fikrət Əmirovun “Sevil” operasını izlədilər. Tamaşa bəstəkarın anadan olmasının 100 illiyinə həsr olunub.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev deyib.

Baş rejissor bildirib ki, bu tamaşalar uzun illərdir oynanılır. İndiyə qədər bu tamaşalar istər Azərbaycanda, istərsə də xaricdə yalnız teatrların səhnələrində göstərilib. Lakin Şəki festivalının bir özəlliyi də ondadır ki, bu tamaşalar qədim memarlıq abidələrinin, “Yuxarı Karvansaray” kompleksinin həyətində açıq havada, təbii dekorlarla tamaşaçılara təqdim olunur.

Hafiz Quliyev deyib: “Mən kollektivimizlə bir neçə ölkədə festivalda iştirak etmişəm. Bu cür təbii dekorasiya dünyanın heç bir yerində yoxdur. Düzdür, süni surətdə belə dekorasiyalar yaratmağa çalışırlar. Azərbaycanda isə dekorasiya təbii formada var. Bu, çox gözəldir. Musiqi, məzmun, həm də təbii dekor bir ahəng yaradır. Bu ahəng tamaşaçılarda tamaşaları daha yaxşı qəbul etməyə sanki bir imkan yaradır”.

Keçidlər