Hafiz Quliyev: Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında 8-ci dəfədir iştirak edirik
Son illər Azərbaycanda çox möhtəşəm beynəlxalq tədbirlər, festivallar keçirilir. Belə tədbirlərdən biri də Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalıdır. Dövlət Akademik Opera və Balet Teatrı olaraq, Şəkidə ənənəvi olaraq hər il keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında artıq 8-ci dəfədir iştirak edirik və bundan çox məmnunuq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev deyib.
Baş rejissor bildirib ki, bu festival çərçivəsində indiyədək şəkili teatrsevərlərə və şəhərin qonaqlarına muğam operalarımızdan olan Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları, “Arşın mal alan” operettası, Müslüm Maqomayevin “Şah İsmayıl” operası, Qara Qarayevin “Yeddi gözəl” baleti, Fikrət Əmirovun “Sevil” operası və başqa tamaşalar təqdim edilib. Rejissor vurğulayıb ki, indiyədək bu tamaşalar Şəkinin məşhur tarixi məkanlarında – Xan Sarayının qarşısında, “Yuxarı Karvansaray” mehmanxana kompleksində oynanılıb. Builki festivalda isə kollektiv ilk dəfə olaraq “Marxal” kompleksinin Yay Teatrının səhnəsində çıxış edib.
Hafiz Quliyev festivalın Azərbaycanın mədəni həyatında böyük hadisə olduğunu bildirib və onun işinə uğurlar arzulayıb.