Hindistan Respublikasının Azərbaycandakı səfiri Şəki şəhərində səfərdə olub
Hindistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan Şəki şəhərində səfərdə olub.
Səfər çərçivəsində dekabr ayının 8-də səfir şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb. Görüş zamanı icra başçısı səfirə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Bildirib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur.
Səfir Sridharan Madhusudhanan qonaqpərvərliyə görə minnətdarlq edib, Şəkidə olmağından çox məmnun olduğunu bildirib.
Şəkiyə səfəri çərçivəsində səfir Sridharan Madhusudhanan Kiş kəndində Alban məbədi və "Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ilə tanış olub. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayı ilə tanışlıq hindistanlı diplomatda böyük maraq doğurub. Səfir, həmçinin, qoruqdakı şəbəkə emalatxanasına baş çəkib.