Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Rəhimli: Şəki teatrı öz üslubu, yaradıcılıq dəst-xəti olan bir kollektivdir

03 dekabr 2024 | 09:13

Bu gün çox təntənəli bayramdır. Şəkidə peşəkar teatrın yaranmasının 145 illiyi tamam olur. Burada artıq dördüncü dəfə beynəlxalq teatr festivalının keçirilməsinin özü böyük bir hadisədir.

Bu fikirləri IV Şəki Beynəlxalq Teatr Festivalında iştirak edən Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.

Şəki teatrının gözəl ənənəsinin olduğunu vurğulayan professor deyib: “Əvvəla onu deyim ki, milli dramaturgiyamızın banisi də şəkili olub. Şəkidə ilk teatr tamaşası göstərən pedaqoq da şəkili olub. Bizim rayon teatrlarının arasında yeganə Şəkidir ki, kolxoz, sovxoz teatrı olmayıb, əvvəldən dövlət teatrı olub. 1930-cu ildə açılıb, 1932-ci ildə bağlanıb, 1933-cü ildə yenidən açılıb. Sonra yenə bağlanıb və 1936-cı ildə yenidən açılıb və 1949-cu ilədək fəaliyyət göstərib. Təsəvvür edin, burada Yusif Vəliyev kimi nəhəng aktyor çalışıb. 1975-ci ildə teatrın yaradıcılığı yenidən bərpa olunub və bu günə qədər də davam edir. Şəki teatrında gözəl sənətkarlar, aktyorlar yetişib, istedadlı rejissorlar çalışıb. Fərəhli haldır ki, SSRİ Xalq artistlərindən ikisi – İsmayıl Osmanlı və İsmayıl Dağıstanlı məhz Şəki dram dərnəyindən çıxıblar. Azərbaycanın Xalq artistləri Yusif Vəliyev, Məmməd Bürcəliyev, Sədayə Mustafayeva, Cahangir Novruzov məhz Şəki teatrının yetirmələridirlər”.

Festivalın əhəmiyyətini yüksək qiymətləndirən İlham Rəhimli deyib: “Şəki teatrı bu gün Azərbaycan teatr məkanında öz sözü, üslubu, yaradıcılıq dəst-xəti olan bir kollektivdir”.

 

Keçidlər