İndoneziya Respublikasının Azərbaycandakı səfiri Berlian Helmin Şəki şəhərində şəfərdə olub
İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Berlian Helmin və onun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Şəki şəhərində səfərdə olub.
Səfər çərçivəsində ayın 15-də səfir şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb.
Görüşdə şəhər icra hakimiyyəti başçısının birinci müavini Elman İmamverdiyev, İndoneziya Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri xanım Prairie Maharvati və səfirin köməkçisi Rəşad Mərdanov iştirak ediblər.
Görüş zamanı icra başçısı səfirə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bu il 2714 illiyini qeyd edən Şəki şəhəri Azərbaycanın mədəniyyət mərkəzlərindən biridir. Şəhər gözəl təbiəti, tarixi-memarlıq abidələri, nadir sənətkarlıq növləri ilə məşhurdur. “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” 2019-cu ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki, həm də festivallar şəhəri kimi tanınır. Rayonda sosial-iqtisadi inkişaf kənd təsərrüfatı və turizm olmaqla iki prioritet istiqamətdə aparılır.
Səfir Berlian Helmin qonaqpərvərliyə görə minnətdarlq edib, Şəkiyə gəlməsindən çox məmnun olduğunu bildirib. Qeyd edib ki, səfərinin əsas məqsədi Azərbaycanla İndoneziya arasında siyasi, iqtisadi və sosial-mədəni sahələrdə mövcud əlaqələri daha da möhkəmləndirməkdir. Səfir ölkələrimiz arasında turizmin inkişafı məsələsinə toxunub, bu məqsədlə İndoneziyada Şəki şəhəri ilə oxşar cəhətləri olan iki şəhərin olduğunu bildirərək həmin şəhərlərdən birinin Şəki ilə qardaşlaşmasını təklif edib.
Görüşdə, həmçinin, iki ölkə arasında kənd təsərrüfatı, xüsusilə ipəkçilik, lavanda və bağçılıq sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşün sonunda qonağa xatirə hədiyyələri təqdim edilib.
Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov səfiri Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binası ilə tanış edib.
Qeyd edək ki, səfər çərçivəsində səfir Berlian Helmin Şəkinin tarixi-memarlıq abidələrini ziyarət edib, "Azəripək" MMC-nin fəaliyyəti ilə tanış olub.







