İndoneziyanın incəsənət ustalarının konserti Şəkidə maraqla qarşılanıb
İndoneziya Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə yanvarın 27-də Şəki Dövlət Dram Teatrında musiqisevərlərə bu ölkənin musiqi və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertə gələnlər əvvəlcə teatrın foyesində İndoneziyanın mədəniyyətini və turizm potensialını tanıtmaq məqsədilə təşkil edilən sərgi ilə tanış olublar.
Konsertə başlamazdan əvvəl İndoneziyanın ölkəmizdəki səfiri Hildi Hamid çıxış edərək sərginin və konsertin təşkilinə göstərdiyi dəstəyə və qonaqpərvərliyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd olunub ki, İndoneziyanın Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilən bu proqram xalqlarımız arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin, dostluq münasibətlərinin daha da genişləndirilməsi məqsədi daşıyır.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxışında Azərbaycanla İndoneziya arasında dostluq və mədəni əlaqələrin uğurla davam etdirildiyini vurğulayıb, dost ölkənin musiqi və rəqs kollektivlərini bu ilin yayında Şəkidə keçiriləcək ənənəvi “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında iştiraka dəvət edib.
Konsertdə indoneziyalı incəsənət ustalarının təqdim etdikləri milli rəqslər və musiqi nömrələri şəkili musiqisevərlərin ürəyincə olub və maraqla qarşılanıb.