“İpək Yolu” Festivalı çərçivəsində musiqisevərlərə Hindistanın rəqs qrupunun konserti təqdim olunub
Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı ikinci gündür ki, musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.
Festival çərçivəsində iyulun 6-da axşam “Az Abrau - Şəki şərab zavodu”nun təqdimatı və zavodun həyətində quraşdırılmış səhnədə Hindistanın “Bhangra” rəqs qrupunun konserti olub.
Konsertdən əvvəl burada Hindistan və yerli mətbəxin nümunələri təqdim edilib, şərab dequstasiyası, həmçinin şəbəkə sənəti üzrə ustad dərsi keçirilib.
Sonra festival iştirakçıları şərab zavodunda yaradılmış “Az Abrau Muzeyi” ilə tanış olub, Azərbaycanda şərabçılığın inkişaf tarixi ilə bağlı filmi izləyiblər.
Konsert Azərbaycanın “Nur” rəqs qrupunun ifasında “Zəfər” rəqsi ilə başlayıb. Yerli ifaçıların çıxışlarından sonra səhnə Hindistanın “Bhangra” rəqs qrupunun ixtiyarına verilib.
Konsertdən əvvəl məlumat verilib ki, “Bhangra” xalq rəqs növü kimi Hindistanın Pəncab bölgəsinin fermerləri arasında mədəni və sosial bayram kimi yaranıb və demək olar ki, bu ştatın simvol və qüruruna çevrilib. “Bhangra” zəngin hind mədəniyyətinin böyük bir layını təmsil edir. Tipik olaraq, bir neçə rəqqas “boliyan” adlı qısa mahnıların, yellənən qolların müşayiəti ilə bədənin enerjili sıçrayışlarını və bükülmələrini həyata keçirir. Rəqs “dhol” nağarasının müşayiəti ilə ifa olunur.
Qeyd olunub ki, rəqsin müasir təkamülü “bhangra”ya ənənəvi hind köklərini saxlamağa imkan verib, eyni zamanda, öz əhatə dairəsini populyar musiqi və dinq, qrup müsabiqələri və rəqs məktəblərində fiziki məşqlərə inteqrasiya etmək üçün genişləndirib. “Bhangra” rəqs qrupunun rəqqaslarının hər biri bacarıqlı peşəkarlardan təlim keçib. Onlar müxtəlif mükafatlarla təltif olunublar.
Uğurla başa çatan konsertin sonunda kollektivə festivalın simvolu təqdim olunub.