“İpək Yolu” festivalı çərçivəsində Şəkinin “Zirvə” ansamblının konserti maraqla qarşılanıb
İyulun 9-da Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Marxal” kompleksinin Yay Teatrında Şəkinin “Zirvə” instrumental ansamblının konserti olub. Konsertdə şəhər icra hakimiyyətinin rəhbər şəxsləri, Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndələri, festivalın qonaqları, musiqisevərlər iştirak ediblər.
Konsertin əvvəlində “Zirvə” instrumental ansamblı haqqında məlumat verilib. Qeyd olunub ki, 1972-ci ildə Şəki şəhərindəki Mirzə Fətəli Axundzadə adına mərkəzi mədəniyyət evinin nəzdində yaradılmış bu ansambl respublikanın bir çox şəhər və rayonlarında, həmçinin keçmiş sovet respublikalarında konsertlər verib, nüfuzlu festivalların iştirakçısı olub. “Zirvə” ansamblı 1996-cı ildə Türkiyənin Eşmə şəhərində keçirilən beynəlxalq festivalda ölkəmizi layiqincə təmsil edib. Ansambl öz ifaçılıq üslubu və mədəniyyəti ilə ümumxalq məhəbbəti qazanıb. Hazırda ansambla Şəkinin tanınmış musiqiçilərindən olan Eldar Rəcəbov rəhbərlik edir.
Konsert görkəmli bəstəkar Emin Sabitoğlunun kinofilmlərə yazdığı musiqilər əsasında hazırlanan kompozisiya ilə başlayıb. Ansamblın solistləri Seymur Qasımzadə, Səbuhi Hüseynov, Namiq Aslanov, Nuri Kərimli, Sərxan Hüseynli və digər ifaçıların təqdim etdikləri Azərbaycan və xarici ölkə bəstəkarlarının mahnılarından ibarət musiqi çələngi, Şəki şəhər Uşaq İncəsənət Məktəbinin rəqs qrupunun çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
İyulun 9-da axşam “Marxal” kompleksinin Yay Teatrında Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi olacaq. Mərasimdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edəcək.