“İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlər keçirilib
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası olan COP29-un nəticələri və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq çərçivəsində yerli icra hakimiyyəti orqanlarının rəhbər kadrları üçün “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlər keçirilib. Təlimlər 23-26 dekabr tarixlərində sosial-iqtisadi məsələlər və innovativ inkişaf siyasəti sahəsində fəaliyyət göstərən yerli icra hakimiyyətləri orqanlarının əməkdaşları üçün nəzərdə tutulub.
Təlimin açılışında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin yeni dövlət idarəçilik texnologiyaları: COP29-un nəticələri” mövzusunda çıxış edib. Təlimlər zamanı iqlim dəyişikliyinə həssaslıq, uyğunlaşma qabiliyyəti və risklərin idarə edilməsi, “İqlim dəyişməsinin gender- diferensiallaşdırılmış təsirləri” və s. mövzularda biliklər paylaşılıb, müzakirələr aparılıb.
Təlimdə Şəki Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri və İstehsal və xidmət sahələri sektorunun müdiri iştirak edib.