IV Şəki Beynəlxalq Teatr Festivalında “Eşq vadisi” nümayiş olunub
IV Şəki Beynəlxalq Teatr Festivalı artıq dördüncü gündür ki, tamaşaçıları bir-birindən maraqlı səhnə əsərləri ilə sevindirir.
Festival çərçivəsində Özbəkistan Respublikasının Səmərqənd Vilayəti Musiqili Dram Teatrı tamaşaçılara böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin “Quşların dili” əsərindən götürülmüş “Eşq vadisi” tamaşasını təqdim edib.
Tamaşanın quruluşçu rejissoru Şuxrat Sanaqulov, quruluşçu və geyim üzrə rəssamı Kamoliddin Raxmatov, baletmeysteri Madinaxon Erqaşeva, xormeysteri Aziz Muminov, dirijoru Uktam Tilavovdur.
Sufi ənənələrinə müraciət edilən tamaşada insanlara inamın, mənəviyyatın nə qədər vacib olduğu göstərilir, Allaha sevgi və ona çatmaq arzusu bildirilir.
Tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Sonda kollektivə festivalın simvolu və xatirə hədiyyələri təqdim olunub.
Beynəlxalq Teatr Festivalının sonuncu günü, dekabrın 5-də Gəncə Dövlət Milli Dram Teatrı tamaşaçılara “Toros canavarı” tamaşasını təqdim edəcək.