Köbər Zəyzid kəndində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun sakinlərlə görüşü keçirilib
Avqust ayının 07-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Köbər Zəyzid kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək çıxış edərək ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, son dövrlər rayonda görülən işlərdən, qarşıda duran məsələlərdən danışıb.
Sonra kənd sakinləri Baxış Həmzətov, Aynurə Həşimova, Hakim Sadıqov və başqaları çıxış edərək Köbər Zəyzid kəndinin içməli su probleminin həlli üçün bir ədəd subartezian quyusunun qazılmasını, kəndin elektrik xətlərinin əsaslı təmir olunmasını, kənd məktəbinin texniki işçiləri üçün əlavə xidməti otağın tikilməsini və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







