Şriftin ölçüsü :

Saytın rəngi :

Koreyanın ölkəmizdəki səfirliyi Şəki ilə əməkdaşlığın genişləndirilməsinə maraq göstərir

12 iyul 2023 | 11:17

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq iyulun 11-də Şəki şəhərinə səfər edib. Səfər çərçivəsində səfir əvvəlcə şəhər rəhbərliyi ilə görüşüb.

Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Elxan Usubov səfirə Şəkinin tarixi, sosial-iqtisadi və mədəni həyataı barədə məlumat verib. Diqqətə çatdırılıb ki, qədim İpək Yolu üzərində yerləşən Şəkinin bu il 2711 yaşa tamam olur. Şəki şəhəri 2010-cu ildə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” seçilib, 2012-ci ildə “Türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı”, 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub, 2017-ci ildə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib. 2019-cu ildə Şəki şəhərinin həyatında çox əlamətdar hadisə baş verib - Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Qeyd olunub ki, Şəki Azərbaycanda “Festivallar şəhəri” kimi tanınır. Hər il bu şəhərdə bir neçə beynəlxalq festival keçirilir. Şəki “İpək Yolu“ Beynəlxaq Musiqi Festivalında müxtəlif illərdə Koreya Respublikasından gəlmiş musiqi kollektivləri də iştirak ediblər.

Bildirilib ki, son illər Şəkidə turizm, eyni zamanda, kənd təsərrüfatının müxtəlif sahələri sürətlə inkişaf edir. Şəki respublikanın ən iri taxılçılıq rayonudur. Rayonda şərab zavodu fəaliyyət göstərir. Son illər rayonda 145 hektarda lavanda bağları salınıb və lavanda yağı istehsalına başlanılıb.

Səfir Li İn-Yonq qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Şəkiyə ilk dəfədir səfər etdiyini və səfərinin bu qədim diyarla daha yaxından tanış olmaq məqsədi daşıdığını diqqətə çatdırıb.

2022-ci ildə Koreya Respublikası ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 30 ilinin tamam olduğunu vurğulayan səfir Li İn-Yonq ötən müddətdə ölkələrimiz arasında dostluq əlaqələrinin sürətlə inkişaf etdiyini bildirib. Səfir Şəki ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın qurulmasında, həmçinin öz ölkəsinə Şəkinin şərabçılıq məhsullarının və lavanda yağının idxalı ilə bağlı layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Görüşün sonunda qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.

Səfər çərçivəsində səfir Li İn-Yonq Şəkinin istehsal müəssisələri və tarixi məkanları ilə tanış olacaq.

Keçidlər