Məmmədnuru Əzizov: Ulu Öndərlə görüşüm qəlbimdə silinməz izlər buraxıb
Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, ictimai-siyasi və sosial həyatda tərəqqinin otuz ildən artıq dövrünü əhatə edən bir epoxa dahi şəxsiyyət - Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin istər Azərbaycan SSRİ-yə rəhbərlik etdiyi, istərsə də Sovet İttifaqının rəhbərliyində təmsil olunduğu zaman göstərdiyi siyasi əzmkarlıq və yorulmaz siyasi fəaliyyəti ona həmkarlarından fərqli olaraq, xarizmatik lider imici qazandırdı. İstedadlı rəhbər, görkəmli dövlət xadimi və mahir diplomat keyfiyyətlərinə malik olan Heydər Əliyev Azərbaycanı yenidən quran, onun müstəqilliyini əbədi və sarsılmaz edən şəxsiyyət kimi öz adını tarixə yazdırdı.
Bu sözləri Şəki sakini, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Şəki rayon filialının sədri, II qrup Qarabağ müharibəsi əlili Məmmədnuru Əzizov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib.
O vurğulayıb ki, Heydər Əliyev insanları bir ideya ətrafında və məqsəd uğrunda birləşdirmək, səfərbər etmək və bu zaman yaranacaq bütün mümkün çətinlikləri qabaqcadan görmək bacarığına malik idi. Bu gün Azərbaycanda siyasi baxışından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, respublikamızın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərin həlli məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün olub. Bu fenomen şəxsiyyətin Azərbaycanın idarəçilik sükanı arxasına keçməsi, çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gəlməsi xalqımızı vətəndaş müharibəsindən, ən əsası müstəqilliyimizin itirilməsi təhlükəsindən qurtarıb. Ulu Öndərin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və dövlətçilik istedadı sayəsində Azərbaycan təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrilib. Nəticə etibarilə bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı.
Dahi şəxsiyyətlə görüşünün onun həyatında silinməz izlər buraxdığını vurğulayan Məmmədnuru Əzizov deyib: “1993-cü ildə Ulu Öndərimiz Azərbaycan Ali Sovetinin sədri, Prezident səlahiyyətlərini icra edən zaman onun çağırışına səs verərək, 33 yaşımda ehtiyatda olan gənc zabit kimi Milli Ordumuzun sıralarına qoşuldum. Murovdağ, Kəlbəcər, Füzuli, Tərtər, Ağdam rayonları istiqamətində torpaqlarımızın azadlığı uğrunda Qarabağ müharibəsinə qatıldım. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə sağlamlığımı qismən itirdim. Heydər Əliyevin rəhbərliyi altında ordu yumruq kimi birləşdi, könüllü dəstələr buraxıldı. Elə bir ordu formalaşdı ki, düşmən 1994-cü il mayın 12-də atəşkəs imzalamağa razı oldu. Tale elə gətirdi ki, Heydər Əliyev ideyalarını sidq ürəkdən sevən, onun şəxsiyyətinə, təşkilatçılığına, biliyinə, dünyagörüşünə çox böyük hörmət, sayğı göstərən birisi kimi, 2000-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şəki rayon şöbəsinə sədr seçildim. Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar 2002-ci ilin noyabrın 8-9-da Ulu Öndərin Şəki şəhərinə səfəri zamanı Olimpiya İdman Kompleksinin açılışında çox arzuladığım bir hadisə baş verdi. Mənə Ulu Öndərin Şəkidə qarşılanma mərasimində iştirak etmək və şəxsən onunla üzbəüz dayanıb görüşmək qismət oldu. Həyatımın ən şanslı, ən xoşbəxt anlarını yaşadım. Açılışda iştirak edərkən mən Ulu Öndəri hərarətlə, səmimiyyətlə qarşılayan şəkililərin bu böyük şəxsiyyətə olan tükənməz sevgisinin canlı şahidi oldum. Bu görüş mənim qəlbimdə silinməz izlər buraxdı”.
Müsahibimiz vurğulayıb ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına, bəşəri dəyərlərə əsaslanan fəaliyyəti ilə bəşər tarixinin yetişdirdiyi nadir şəxsiyyətlərdəndir. Dahi rəhbər Azərbaycan xalqının rifahını, milli dövlətçiliyimizin daha da güclənməsini hər şeydən üstün tuturdu. Xüsusilə, ömrünün son 10 ilində Heydər Əliyevin fəaliyyəti hətta bir insan ömrünə sığmayacaq qədər zəngin olub. Ulu Öndər hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb.
Şəki sakini deyib: “Ulu Öndər sovet dövründə Azərbaycana rəhbərlik etdiyi zaman və müstəqillik dövründə ölkəmizin regionlarının inkişafına xüsusi diqqət göstərirdi. Respublikamızın hər bir bölgəsi kimi, Şəki rayonunun da inkişafında Heydər Əliyevin çox böyük əməyi olub. Bu müddətdə Şəkidə neçə-neçə sosialyönümlü obyektlər inşa edilib, genişmiqyaslı tikinti, abadlıq, quruculuq işləri görülüb, kənd təsərrüfatının, turizmin inkişafı üçün kompleks tədbirlər həyata keçirilib. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə, 1975-ci ildə şəhərin bütün ipək müəssisələrini özündə birləşdirən Şəki İpək İstehsalat Birliyi yaradılıb. Həmin dövrdə müəssisədə 7 min nəfərə yaxın daimi işçi çalışırdı. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da digər sahələr kimi, ipəkçiliyə olan münasibət kökündən dəyişib, ipək sənayesinin bərpası istiqamətində zəruri işlər görülüb. Ulu Öndərin 2001-ci ildə fəaliyyəti dayanmış “Şəki-ipək” ASC-ni işə salmaq məqsədilə imzaladığı sərəncamla dövlət büdcəsindən xeyli miqdarda vəsait ayrılıb və həmin ildən müəssisənin fəaliyyəti bərpa olunub”.
Ümummilli Lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Məmmədnuru Əzizov qeyd edib ki, bu strategiyanın həyata keçirilməsi nəticəsində ölkəmizin regionları inkişaf edir və tanınmaz dərəcədə dəyişir: “Bugünkü Azərbaycan həm də Heydər Əliyevin görmək istədiyi, arzuladığı Azərbaycandır. Vaxtilə Ulu Öndər məcburi köçkünlər qarşısında çıxışlarının birində deyib: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti suyu, biz onlarsız yaşaya bilmərik”. Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki Şuşa da, Laçın da, Kəlbəcər də, Ağdam da, Cəbrayıl da, Zəngilan da, Qubadlı da artıq azaddır.
Bəli, Heydər Əliyev yolunu layiqincə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ərazi bütövlüyümüzü bərpa etməklə Ulu Öndərin arzularını da gerçəkləşdirdi. 44 günlük savaşdakı Zəfər həm də onu təsdiq etdi ki, tarixinin əzəmətli dövrünü yaşayan Azərbaycan ən möhtəşəm uğurlara imza atmağa qadirdir”.
Müsahibimiz deyib: “Əhalinin həssas kateqoriyasına aid insanları birləşdirən bir cəmiyyətə rəhbərlik edən şəxs kimi qeyd etmək istəyirəm ki, ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə böyük diqqət və qayğı göstərilir. Azərbaycan yeganə ölkədir ki, burada xüsusi statuslu insanlara mənzillər, minik avtomobilləri verilir. Hər bir şəhid ailəsi, Qarabağ müharibəsi əlili, müharibə veteranı Prezident təqaüdü alır. Onların işlə təmin edilməsi, özünüməşğulluq proqramlarına cəlb olunması, yeni, müasir protez-ortopedik materiallarla təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Azərbaycanda hər bir şəhidin, Qarabağ müharibəsi əlilinin övladı ali və orta ixtisas məktəblərində ödənişdən azad olunaraq pulsuz təhsilə cəlb olunub”.
“Müasir Azərbaycanın memarı və qurucusu dahi Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim nur ələyəcək”, - deyən Məmmədnuru Əzizov qeyd edib ki, Heydər Əliyev qeyri-adi zəka, tükənməz enerji sahibi kimi, məharətli təşkilatçılıq qabiliyyəti ilə tarixdə həmişəlik qalacaq. Cəmiyyətimiz həmişə olduğu kimi, yenə də Heydər Əliyev ideyalarından faydalanaraq onun həmişəyaşar ruhundan daim ilham alacaq. Yüz illər keçəcək, Azərbaycan xalqı hər zaman ən ağır vaxtlarında onun yanında olan və öz həyatını milləti üçün qurban verən böyük oğlunu xatırlayacaq, onu əbədi olaraq qəlbində yaşadacaq. Nə qədər ki, Azərbaycan xalqı yaşayır, nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində daim yaşayacaq.