Şriftin ölçüsü :

Saytın rəngi :

Mirbala Səlimli: Qədim ənənələri olan Şəkinin teatr tarixi də çox qədimdir

03 dekabr 2024 | 09:11

Dördüncü dəfədir keçirilən beynəlxalq teatr festivalına ev sahibliyi etməkdən qürur duyuruq. Bu gün bizim üçün çox önəmli bir gündür. Biz 145 illik teatr tariximizi bayram edirik. Çox qədim ənənələri olan Şəkinin teatr tarixi də çox qədimdir. Folklor və xalq teatrı Şəkidə həmişə olub. Şəkinin zorxanası, milli adət-ənənələri, xalq oyunları olub. Düz 145 il bundan əvvəl, 1879-cu ildə Şəkidə ilk peşəkar milli tamaşa oynanılıb. Görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” (“Hacı Qara”) əsəri tamaşaya qoyulmaqla milli peşəkar teatrın əsası qoyulub. Bu, bizim üçün çox önəmli tarixdir.

Bu fikirləri Şəki Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli IV Şəki Beynəlxalq Teatr Festivalının açılış günündə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.

Şəki teatrının yaranma tarixi barədə məlumat verən baş rejissor deyib: “Həmin dövrlərdə dünyada, eləcə də Yaxın Şərqdə elə ölkələr, imperiyalar var idi ki, onlarda professional teatr anlayışı, ümumiyyətlə, yox idi. Ancaq kiçik bir şəhərdə, Şəkidə 1879-cu ildə ilk peşəkar tamaşa oynanıldı. Bunun çox maraqlı tarixçəsi var. Təhsilini davam etdirmək arzusunda olan gənc Şəki ziyalısı Rəşid bəy Əfəndiyev 1879-cu ildə Tiflisdə klassik dramaturqumuz M.F.Axundzadə ilə görüşür. Bu görüşdə dramaturq özünün vətəni olan Şəkidə bir tamaşasının oynanılmasını arzu etdiyini bildirir. 1879-cu ildə R.Əfəndiyev Şəki ziyalılarını da başına toplayaraq dramaturqun arzusunu yerinə yetirir, barama anbarında onun “Sərgüzəşti-mərdi-xəsis” (“Hacı Qara”) əsərini tamaşaya qoyur. Beləliklə, Şəkidə ilk peşəkar teatrın əsası qoyulur. Sonralar Şəki ziyalıları bu estafeti davam etdirərək ayrı-ayrı vaxtlarda, xüsusilə Novruz bayramlarında M.F.Axundzadənin 6 əsərinin hamısını səhnələşdirməyə müvəffəq olurlar”.

Builki festivalın məhz Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illik yubileyinə həsr olunduğunu vurğulayan M.Səlimli deyib: “Festivalımıza Qazaxıstandan, Özbəkistandan, İrandan kollektivlər gəlib və onlar bizim bu bayramımızda iştirak edirlər. Biz istəyirik ki, bu festival davamlı olsun. Məqsədimiz təkcə tamaşa göstərmək deyil, həmçinin Vətənimizin bir parçası olan Şəkinin təbiətini, gözəlliklərini, tarixi abidələrini, sənətkarlığını, mətbəxini təbliğ və nümayiş etdirməkdir. Şəkidə baxılası, görüləsi çox şey var və biz də çalışırıq ki, bunu qardaş xalqlara, uzaqdan gəlmiş dostlara təqdim edək”.

Keçidlər