MSK Şəkidə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminar keçirib
Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə iyulun 17-də Şəki şəhərində keçirilən regional seminarda seçki hüququnun pozulmasına dair müraciətlərə baxılması məsələləri ətraflı müzakirə olunub.
Seminarda MSK Katibliyinin rəsmiləri, respublikanın şimal-qərb bölgəsində, ətraf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsi dairə seçki komissiyalarının hər birindən 3 ekspert olmaqla, ümumilikdə aşağı seçki komissiyalarının 51 təmsilçisi iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarı MSK Katibliyinin müdiri İlqar Əlizadə açaraq Milli Məclisə seçkilərə hazırlıqla əlaqədar Komissiya tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, regional seminarların keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin seçki prosedurları ilə bağlı məlumatlarının artırılması və praktiki vərdişlərinin gücləndirilməsindən ibarətdir.
Sonra İlqar Əlizadə “Seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri” mövzusunda təqdimatla çıxış edib. Əyani vəsaitlərdən istifadə olunmaqla keçirilən təqdimatda seminar iştirakçılarına seçki qanunvericiliyi, seçki hüquqlarının pozulması ilə bağlı şikayətlərin verilməsi, şikayət vermək hüququna malik subyektlər, şikayətin predmeti, vətəndaşlar tərəfindən təqdim edilən şikayətlərin forması və məzmunu, şikayət və müraciətlərin xarakteri, araşdırılma müddətləri, ardıcıllığı, qaydaları və sübutların qiymətləndirilməsi, şikayətə dair qərar qəbul olunması müddəti, şikayətin qəbul edilməsindən sonra növbəti prosedurlar və digər məsələlər barədə ətraflı izahat verilib.
Sonra MSK Katibliyinin hüquq şöbəsinin müdiri Rafiq Abbasovun “Seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması. Ekspert qruplarının fəaliyyətinin əsasları” mövzusunda təqdimatı dinlənilib.
Qeyd edilib ki, seçkilərlə əlaqədar müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması çox vacib məsələdir və vətəndaşların seçki hüququnun daha səmərəli təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Ona görə də dairə seçki komissiyalarının ekspert qrupunun üzvləri mövzu ilə bağlı qanunvericiliyin tələblərini dərindən mənimsəməli və öz vəzifələrinin öhdəsindən layiqincə gəlməlidirlər.
Tədbirin praktiki hissəsində kazuslar üzrə müxtəlif şikayət nümunələri nəzərdən keçirilib, seçki komissiyaları tərəfindən həmin şikayətlərə dair müvafiq qərarların qəbul edilməsi məsələlərinə baxılıb.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.