Muğam ifaçıları Şəki “İpək Yolu” XI Beynəlxalq musiqi festivalının səhnəsində
Şəkidə davam edən “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 8-də günorta saatlarında musiqisevərlərə “Simurq” muğam ansamblının konserti təqdim olunub.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən konsertdə şəhər rəhbərliyi, festivalın təşkilatçı qurumlarının nümayəndələri, musiqisevərlər iştirak ediblər.
Konsertin əvvəlində ansamblın fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, “Simurq” ansamblı yeni yaradılıb. Lakin ansamblın bütün ifaçıları Azərbaycanda və onun hüdudlarından kənarda çoxsaylı çıxışları ilə yaxşı tanınırlar. Ansamblın yaradıcısı kamança ifaçısı Elnur Mikayılov muğam ifa etməyin yeni yollarını axtarmaq üçün bu qrupu yaradıb. “Simurq” ansamblının əsas məqsədi muğamı inkişaf etdirmək və bütün dünyada təbliğ etməkdir. Musiqiçilərin musiqiyə olan yanaşması qədim muğam ənənəsini, eyni zamanda, müasir musiqi ilə vəhdətini özündə əks etdirir.
Ansamblın üzvü xanəndə Mirələm Mirələmov 2011-ci ildə Televiziya muğam müsabiqəsinin, 2013-cü ildə Respublika muğam müsabiqəsinin və III Beynəlxalq muğam aləmi festivalının iştirakçısı və qalibidir. Gənc xanəndə 2008-ci ildən bir çox ölkələrdə, o cümlədən Türkiyə, Rusiya, Avstraliya, İtaliya, Özbəkistan, Tacikistan, İsrail, Rumıniya, Almaniya, İsveç, Gürcüstan, İngiltərə və ABŞ-da çıxış edib.
Gülzar Fərəcova isə 2009-cu ildə Türkiyədə keçirilən Beynəlxalq musiqi festivalının qalibi olub, Asiya ölkələri arasında keçirilən musiqi yarışmasında birinci yerə layiq görülüb. O, ölkəmizdə keçirilən bir çox festival və müsabiqələrin laureatı, bir sıra beynəlxalq festivalların iştirakçısı olub. 2021-ci ilin noyabrında Akademik Opera və Balet Teatrında Ü.Hacıbəylinin “Leyli və Məcnun” tamaşasında Leyli rolunu oynayıb.
İfaçıları tarda Zəki Vəliyev, balabanda Rəfael Əsgərov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət ediblər.
Ansamblın təqdim etdiyi xalq və bəstəkar mahnıları, muğamlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Uğurla başa çatan konsertin sonunda kollektivə festivalın xatirə hədiyyəsi təqdim olunub.
Festivalın proqramına uyğun olaraq, iyulun 8-də axşam “Yuxarı Karvansaray” mehmanxana kompleksində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tamaşaçılara F.Əmirovun “Sevil” operasını təqdim edəcək.