Musiqişünas Həcər Babayeva: “İpək Yolu” festivalı Bəstəkarlar İttifaqının ən önəmli layihələrindən biridir
Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı öz işinə başlayıb. “İpək Yolu” festivalı Azərbaycan Bəstəkarlar İttifaqının ən önəmli layihələrindən biridir. Pandemiya dövründə bu festival keçirilmədi. Sevindirici haldır ki, iki illik fasilədən sonra festival yenidən öz qapılarını musiqisevərlərin üzünə açıb.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının Musiqişünaslıq bölməsinin sədri, professor Həcər Babayeva deyib.
Şəki festivalının ölkəmizin mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayan musiqişünas deyib: “İpək Yolu” festivalının məramı ondan ibarətdir ki, burada Ulu Şərqlə Qərb musiqisi birləşir. Azərbaycanın ənənəvi, klassik musiqisi ilə Qərbin musiqisi görüşür. Bu, eyni zamanda, multikulturalizmin birləşməsi deməkdir. Ötən on il ərzində festivalda Türkiyə, İran, Çin, Koreya, Kanada və digər ölkələrdən gələn tanınmış kollektivlər iştirak edib. İnanırıq ki, festival yenə də musiqisevərlərə xoş bayram əhval-ruhiyyəsi bəxş edəcək”.