Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı Şəkidə böyük coşqu ilə qeyd edilib

22 mart 2024 | 13:29

Şəkililər qədim el bayramı olan Novruzu böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qeyd ediblər.

Baharın gəlişi münasibətilə martın 21-də Şəki şəhərinin qədim tarixi hissəsi – “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində bayram tədbirləri təşkil olunub.

XVIII əsrə aid memarlıq abidəsi “Qala divarları”nın daxilində, Rəsm Qalereyasının yerləşdiyi qədim tarixi binanın həyətində təşkil edilən bayram tədbirinin iştirakçıları əvvəlcə yerli sənətkarların əl işlərindən ibarət sərgilərə baxıb, milli mətbəx nümunələri ilə tanış olublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunub ki, xalqımızın milli adət-ənənələrini özündə əks etdirən, xalqın inamından, etiqadından yaranan və günümüzə qədər qorunub saxlanılan Novruz yurdumuza qədəm qoyur. Qırx dörd günlük Vətən müharibəsində “Dəmir yumruq” ətrafında birləşərək öz əzm və iradəsini göstərən qəhrəman xalqımız bu gün Novruz bayramını bütöv Azərbaycanın hər bir guşəsində Qələbə ruhu ilə qeyd edir.

Şəhər rəhbərliyinin, sakinlərin, şəhərin qonaqlarının iştirak etdiyi bayram tədbirində musiqi və rəqs kollektivləri, zurnaçalanlar və nağaraçalanlar ansamblları maraqlı konsert proqramı ilə çıxış ediblər. Kəndirbazların, pəhləvanların çıxışları bayram tədbirinə xüsusi ovqat qatıb.

Axşam saatlarında “Qala divarları”nın qarşısındakı meydanda bayram korserti təşkil olunub. Tanınmış sənət adamlarının, ifaçıların çıxışları və maraqlı rəqs nömrələri tamaşaçılara xoş anlar yaşadıb. Bahar qızı şənlik iştirakçılarını qədim adət-ənənələrimizdən olan Novruz bayramı münasibətilə təbrik edib, xalqımıza bahar təravətli günlər arzulayıb. Novruzun personajları Kosa və Keçəl məzəli zarafatları ilə tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş ediblər.

Konsert proqramı başa çatdıqdan sonra bayram tonqalı alovlandırılıb, şənlik iştirakçıları tonqalın ətrafında rəqs ediblər.

Keçidlər