Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı Şəkidə yüksək əhval-ruhiyyə ilə qeyd edilib

21 mart 2023 | 11:50

Novruz bayramı münasibətilə martın 20-də Şəki şəhərinin “Yuxarıbaş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində ümumşəhər bayram tədbiri keçirilib.

XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində keçirilən tədbirdə şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri, sakinlər və şəhərimizin qonaqları iştirak ediblər.

Tədbirdə səslənən bayram təbrikində bildirilib ki, Azərbaycan xalqının zəngin milli dəyərlər sistemini və adət-ənənələrini özündə yaşadan bayramlar sırasında Novruz xüsusi yer tutur. Novruz bayramı ötən əsrin 70–80-ci illərində Ulu Öndər Heydər Əliyevin sayəsində əvvəlki dövrlərlə müqayisədə kütləvi şəkildə qeyd olunmağa başladı. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına birdəfəlik daxil oldu. Biz artıq Novruz bayramını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə qeyd edirik.

Vurğulanıb ki, Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Bayram tədbirində musiqi və rəqs kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər. Novruz personajları Kosa və Keçəlin rəngarəng çıxışları isə bayram tədbirinə xoş ovqat qatıb.

Tədbir çərçivəsində XVIII əsrə aid memarlıq abidəsi “Qala divarları”nın qarşısında çadırlar qurulub, yerli sənətkarların əl işlərindən ibarət sərgi təşkil olunub, folklor kollektivləri maraqlı çıxışlar ediblər, pəhləvanlar öz məharətlərini, güclərini nümayiş etdiriblər. Bayram tədbiri  həmin ərazidə qurulmuş Novruz tonqalının alovlandırılması ilə başa çatıb.

Keçidlər