Novruz bayramı və "İlaxır çərşənbə” Şəkidə yüksək əhval-ruhiyyə ilə qeyd edilib
Milli varlığımıza bolluq və bərəkət rəmzi kimi daxil olan Novruz bayramı və "İlaxır çərşənbə” qədim Şəki diyarında böyük təntənə ilə qeyd olunub.
Baharın gəlişi münasibətilə martın 18-də Şəki şəhərindəki “Yuxarı baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində ümumşəhər bayram tədbiri keçirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən bayram tədbirində Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhid ailələrinin üzvləri, müharibə veteranları, idarə, təşkilat və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, gənclər və şəhərimizin qonaqları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Şəki sənətkarlarının əl işlərindən və məktəblilərin Novruza aid rəsmlərindən ibarət sərgiyə baxıblar.
Sonra yerli və regionumuzu təmsil edən rəqs və musiqi kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Novruzun personajları olan Kosa və Keçəl məzəli zarafatları ilə bayram iştirakçılarına xoş ovqat bəxş ediblər.
Tədbir Qala divarları qarşısında bayram tonqalının qalanması ilə başa çatıb.