Ölkəmizdə gənclərlə iş sahəsinə dövlətimiz tərəfindən xüsusi qayğı göstərilir
Azərbaycan Respublikasında gənclərlə iş sahəsinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştiraka cəlb olunması, onların istək, rəy və təkliflərinə böyük önəm verilməsi dövlətin gənclərə qayğısının, bu yöndə apardığı siyasətin bariz nümunəsidir. Beynəlxalq gənclər hərəkatının fəal üzvü olan Azərbaycan gəncliyi bu gün Avropanın və dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında təmsil olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə Şəki Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Ulu öndər Heydər Əliyev və gənclər siyasəti” mövzusunda tədbirdə səsləndirilib.
Tədbirdə Şəki Şəhər Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki nümayəndəliyinin könüllüləri, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 nömrəli kitabxana filialının əməkdaşları iştirak ediblər.
Tədbiri Mərkəzin direktoru Rəşadət Sadıqov açaraq, 1998-ci ildən etibarən hər il avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, həmin vaxtdan etibarən hər ilin bu günü gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd olunur.
Mərkəzin əməkdaşı Xuraman Səmədova “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda çıxış edib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılıb. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.
Bildirilib ki, Ulu Öndərin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərin həllini təmin etmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli dövlət proqramları qəbul olunur.
Şəki Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Səbahət Bağırova çıxışında gənclərlə bağlı görülən işlərdən, Şəki gənclərinin qazandıqları uğurlardan ətraflı bəhs edib.
Tədbirin sonunda Mərkəz tərəfindən hazırlanan “Ulu öndər Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” adlı videoçarx təqdim olunub.