On bir ayda Şəkidə suvarma kanalları vasitəsilə əkin sahələrinə 78 milyon kubmetr su verilib
Şəki rayonu ərazisində 38 min 980 hektar suvarılan torpaq sahəsi var. Rayon ərazisindəki suvarma şəbəkələrinin əsas su mənbəyi Şinçay, Kişçay, Küngütçay, Əyriçay, Əlicançay, Daşağılçay dağ çayları, həmçinin artezian və bulaq sularıdır. Əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün rayonda 859 kilometr uzunluğunda suvarma kanalları mövcuddur. Bu kanalların 127,3 kilometri təsərrüfatlararası, 731,7 kilometri isə təsərrüfatdaxili kanallardır. Cari ilin 11 ayı ərzində su mənbələrindən 104 milyon kubmetr su götürülüb, əkin sahələrinə 78 milyon kubmetr suyun verilməsi təmin edilib. Əkin sahələrinin su ilə təminatının yaxşılaşdırılması məqsədilə cari ildə 467 kilometr uzunluğunda kanallarda 707 min kubmetr həcmdə lildən təmizləmə işləri həyata keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsinin rəisi Sabir Əhmədov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin davam etdirilməsi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub. Bu istiqamətdə Şəki Suvarma Sistemləri İdarəsi tərəfindən də zəruri tədbirlər görülür.
Son 3 ildə “Dəhnə” suvarma kanalının 13 kilometrlik hissəsi beton üzlüyə alınıb
İdarə rəisi deyib ki, qurumun balansında olan 28 kilometr uzunluğunda “Dəhnə” beton kanalı Dəhnələr zonasındakı 6 min hektaradək əkin sahəsini suvarma suyu ilə təmin edir. Ötən əsrin 80-ci illərinin əvvəlində istismara verilən bu kanal uzun illər istifadə olunduğundan son illər bəzi hissələri yararsız vəziyyətə düşmüşdü. Su itkisinin qarşısının alınması məqsədilə dövlət tərəfindən ayrılan vəsait hesabına bir neçə ildir kanalda təmir-bərpa işlərinə başlanılıb. Son 3 ildə kanalın 13 kilometrlik hissəsi təmir olunaraq beton üzlüyə alınıb. Təkcə bu il kanalın 2,1 kilometrlik hissəsində təmir-bərpa işləri aparılıb və bu işlər növbəti illərdə də davam etdiriləcək.
Su itkisinin qarşısının alınması üçün Cəyirli torpaq kanalına beton üzlük döşənəcək
Sabir Əhmədovun məlumatına görə, rayonun Cəyirli, Şəkikənd, Aran, Qayabaşı, Sarıca kəndlərinin ərazisindəki 3482 hektar əkin sahəsini suvarma suyu ilə təmin edən 17,5 kilometr uzunluğunda Cəyirli torpaq kanalının da gələn ildən başlayaraq hissələrlə beton üzlüyə alınması nəzərdə tutulur. Artıq layihə-smeta sənədləri hazırlanıb. Bu kanalın qidalandığı əsas su mənbəyi Əlicançaydır. İlin 9 ayında həmin ərazilərdə suvarma suyu ilə bağlı problem olmur. Yalnız yay aylarında çayda su həddindən artıq azaldıqda, bəzi dövrlərdə isə tamamilə quruduqda əkin sahələrinin suvarılmasında problem yaranır. Vəziyyətdən çıxmaq üçün vaxtilə həmin ərazidə Cəyirli su anbarı tikilib. 2000-ci ildən istismar olunmayan su anbarı tamamilə yararsız vəziyyətə düşmüş, beton üzlüyü dağılmışdı, su saxlamırdı. “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən 2019-cu ildə su anbarında təmir-bərpa işlərinə başlanılıb və həmin sututarı iki ilə yaxındır ki, bərpa olunaraq istismara verilib. Su tutumu 1,23 milyon kubmetr olan su anbarı dağ çaylarında gur sululuq dövründə doldurulur və yay aylarında əkin sahələrinin suvarılması zamanı su çatışmazlığı yarandıqda anbardakı su Cəyirli kanalına verilir.
Əlicançayın üzərində tikiləcək su anbarı minlərlə hektar torpaq sahəsini su ilə təmin edəcək
İdarənin rəisi bildirib ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planında ölkə ərazisində dağ çayları üzərində 10 su anbarının, o cümlədən Şəki rayonu ərazisindən axan Əlicançay üzərində su anbarının tikintisi nəzərdə tutulub. Rayonun Cəyirli, Şəkikənd, Aran, Qayabaşı, Sarıca və həmin ərazidəki digər kəndlərin əkin sahələrinin suvarılması üçün yeganə su mənbəyi Əlicançaydır. Su anbarınınn Oğuz rayonunun Zərrab kəndi yaxınlığında tikilməsi planlaşdırılır. Mütəxəssislərin rəyinə görə, Əlicançayın üzərində ümumi su tutumu 115 milyon kubmetr olan su anbarı tikilərsə, həmin ərazidə 16 min 100 hektar torpaq sahəsinin su ilə təmin edilməsi mümkün olacaq. O cümlədən həmin ərazidə 10 min hektardan çox sahə yeni əkinə cəlb ediləcək.
Dağ çaylarında məcra təmizləmə işləri davam etdirilir
Hazırda Şəki ərazisindən axan dağ çaylarında 32 min poqonmetr uzunluğunda mühafizə-beton bəndlər mövcuddur. Bu ilin 11 ayı ərzində beton bəndlərdə 100 kubmetr həcmdə cari təmir işləri görülüb. Yaz-yay və payız aylarında yağan leysan yağışları nəticəsində əmələ gələn sel sularının maneəsiz axıdılması məqsədilə ötən müddətdə çay məcralarında 707 min kubmetr həcmdə təmizləmə işləri aparılıb və hazırda davam etdirilir.