Ötən il Şəkidə 3600 tondan çox quru tütün istehsal olunub
Ötən il Şəki rayonunun təsərrüfatlarında 3602,5 ton quru tütün istehsal olunub. Qurudulmuş tütünün hamısı tədarük müəssisələri tərəfindən qəbul edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.
Qurum rəsmisi bildirib ki, ötənilki mövsümdə rayonun təsərrüfatlarında 917 hektarı “Virciniya botaniki”, 333 hektarı isə yerli tütün sortları olmaqla 1250 hektar sahədə tütün əkilib. Rayonda 350-dək fermer tütünçülüklə məşğul olub. Bu təsərrüfatlarda 1300 nəfərdən çox kənd sakininin məşğulluğu təmin edilib.
Hazırda əhaliyə məxsus şəxsi təsərrüfatlarda builki mövsümdə tütün əkiləcək sahələr müəyyənləşdirilir. Tütün şitillərinin yetişdirilməsi üçün torpaq mülkiyyətçiləri tərəfindən fevralın əvvəllərində sadə istixanaların hazırlanmasına başlanılacaq.