“Qardaşlaşmış Şəki və Jmerinka şəhərlərinin tarixi-memarlıq irsinin öyrənilməsi” mövzusunda videokonfrans formatında görüş keçirilib
İyulun 14-də Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 30 yanvar tarixli 912 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının 7-ci bəndinə uyğun olaraq "qardaşlaşmış şəhərlər” formatında layihələrin həyata keçirilməsi ilə əlaqədar “Qardaşlaşmış Şəki və Jmerinka şəhərlərinin tarixi-memarlıq irsinin öyrənilməsi” mövzusunda videokonfrans formatında görüş keçirilib.
Şəki Şəhər İcra Hakimiyyəti ilə Jmerinka Şəhər Şurasının birgə təşkil etdiyi görüşdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, başçının birinci müavini Elman İmamverdiyev, başçının müavini Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, şəhər bələdiyyəsinin sədr müavini Səyyarə Musayeva və Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi Zəminə Rəsulova iştirak edib.
Görüşdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Ukraynanın Jmerinka şəhərinin nümayəndələrini salamlayıb, görüşün keçirilməsində göstərilən əməkdaşlığa görə təşəkkür edib. İca başçısı müzakirə olunan mövzunu açıqlayıb, Şəki şəhəri haqqında ətraflı məlumat verib, Jmerinka şəhəri ilə qardaşlaşma tarixindən danışıb, şəhərlər arasında əməkdaşlığın yeni müstəvidə inkişaf perspektivlərinə toxunub.
Jmerinka Şəhər Şurasının sədri Vadim Kojuxovski Şəki şəhərinin nümayəndələrini salamlayaraq, grüşün təşkilinə görə minnətdarlıq ifadə edib. O, Jmerinka şəhəri haqqında ətraflı məlumat verib və qeyd edib ki, belə görüşlərin keçirilməsi iki şəhər arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Sonra hər iki şəhərin nümayəndələri mövzuya uyğun olaraq tarixi abidələr haqqında təqdimatlar ediblər.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə başa çatıb.







