Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxıstanın folklor və rəqs ansambllarının Şəki festivalında çıxışı maraqla qarşılanıb

06 iyul 2023 | 11:39

Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı üçüncü gündür ki, musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində iyulun 5-də “Marxal” kompleksinin Yay Teatrında Qazaxıstan Respublikasının Ükili Ibıray adına Akmolin vilayət filarmoniyasının “Aynakol” folklor və “Qəkku” rəqs ansambllarının konserti olub.

Konsert başlamazdan əvvəl Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Türkiyənin Safranbolu bələdiyyəsinin sədri xanım Elif Köseyə festivalın xatirə hədiyyəsini təqdim edib.

Konsertin əvvəlində məlumat verilib ki, Qazaxıstanın Akmolin vilayətinin ən parlaq musiqi kollektivlərindən olan “Aynakol” folklor ansamblı 2004-cü ildə vilayət filarmoniyasının bazasında yaradılıb. Ansambl istedadlı və peşəkar musiqiçilərdən ibarətdir. Kollektivin özünəməxsus bədii üslubu, ifa tərzi, zəngin və orijinal repertuarı var. “Aynakol”un qastrol xəritəsi də zəngindir. Almaniya, Türkiyə, Çin, Tayvan, Rusiya, Baltikyanı ölkələrin dinləyiciləri ansamblın yaradıcılığından zövq alıblar. Ansambl 2005-ci ildən başlayaraq bir çox beynəlxalq festivalların, müsabiqələrin iştirakçısı və laureatıdır.

Həmçinin diqqətə çatdırılıb ki, Akmolin vilayətinin incisi olan “Qəkku” rəqs ansamblı 2007-ci ildə Mədinə Tleulina tərəfindən yaradılıb. Kokşetau şəhərində yeganə peşəkar xoreoqrafiya qrupu olan ansamblın 2008-ci ildən daimi rəhbəri Gülmira Ordabayevadır. Ansamblın heyətini təcrübəli rəqqaslar təşkil edir. Kollektiv peşəkar rəqs ansamblı, eyni zamanda, Kokşetau rayonunun mədəniyyət kollecinin xoreoqrafiya şöbəsinin məzunlarını öz sıralarına cəlb edir.

“Qəkku”nun əsas missiyası rəqsə məhəbbəti aşılamaq və bunun vasitəsilə nəinki qazax mədəni irsini, həmçinin dünya xalqlarının rəqslərini öyrənməkdir. Ansamblın repertuarı çox zəngin və rəngarəngdir. Repertuara incə bal rəqsləri və nəfis tarixi əsərlər, xalqın alovlu ritmləri, oynaq estrada rəqsləri, vətənpərvərlik mövzusunda hərbi tamaşalar və unudulmaz rəqs kompozisiyaları daxildir. Ansambl, həmçinin klassik əsərlərin musiqisi üzərində qurulmuş bir çox xoreoqrafik kompozisiyalar nümayiş etdirib. Əllidən çox tamaşası olan kollektiv çoxsaylı mükafat və nailiyyətləri ilə seçilir. Ansambl Qazaxıstanın mədəni irsinin təbliğatçısı kimi, bir çox yerli, respublika əhəmiyyətli və mötəbər beynəlxalq festival və müsabiqələrin iştirakçısı və qalibi olub.

“Aynakol” folklor və “Qəkku” rəqs ansambllarının çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov kollektivin rəhbəri xanım Nurgul Şaikenovaya festivalın simvolunu təqdim edib. Eyni zamanda, Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı tərəfindən folklor və rəqs ansambllarının rəhbərlərinə xatirə hədiyyələri təqdim olunub.

Keçidlər