Qədim Şəki ilin bütün fəsillərində turistləri özünə cəlb edir
Hər il olduğu kimi, bu il də Yeni il bayramı günlərində Şəkiyə gələn turistlərin sayında artım müşahidə edilir. Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisidir. Bu ərazidə yerləşən muzey və karvansaraylar, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi - Şəki Xan Sarayı, həmçinin “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, “Sənətkarlar evi” yerli və xarici turistlərin daha çox marağına səbəb olur.
AZƏRTAC-ın bölgə müxbiri 2023-cü ilin ilk günündə, yanvarın 1-də “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda olub, Xan Sarayını ziyarət edən yerli və əcnəbi turistlərlə görüşüb, onların təəssüratlarını öyrənib.
Qoruğun direktor müavini Vasif Paşayevin sözlərinə görə, bayram günlərində qoruğun ərazisinə gələnlərin, eləcə də Xan Sarayını ziyarət edənlərin əksəriyyətini yerli turistlər təşkil edir. Əcnəbi turistlər arasında isə ərəb ölkələrindən – Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliklərindən, həmçinin Hindistandan, Rusiyadan gələnlər daha çoxdur. Bayram günlərində şəhərə turist axınını nəzərə alaraq, Xan Sarayının qapıları səhər saat 9:00-dan axşam 18:00-dək qonaqların üzünə açıq olur.
Qeyd edək ki, hazırda Dövlət Turizm Agentliyi tərəfindən qoruğun ərazisində, Qala divarlarının daxilində bir neçə tarixi binada təmir-bərpa işləri həyata keçirilir.
Qoruğu ziyarət edən yerli və əcnəbi turistlərlə söhbət zamanı onlar Şəkiyə səfərlərindən məmnun qaldıqlarını vurğulayıblar.
Reynald Agido iş yoldaşları ilə birlikdə Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən gəlib. Əslən Filippindən olan Reynald Dubayda maliyyə sektorunda çalışır. O, Azərbaycana ilk dəfədir səfər edir.
Təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən Reynald deyib: “İndiyədək 50-yə yaxın ölkəyə səyahət etmişəm. Əvvəlcə Bakıda olduq, gəzdik, tarixi abidələrə baş çəkdik. Şəhərin qədim və müasir arxitekturası xoşumuza gəldi. Şəki balaca, lakin heyrətamiz şəhərdir. Buranın hər bir tərəfi sosial şəbəkələrdə paylaşmaq üçün çox gözəl məkandır. Xan Sarayının şəbəkə pəncərələri çox xoşumuza gəldi. Ölkənizə yenə də gəlməyi düşünürəm. Yeni ildə bütün insanlara sülh, əmin-amanlıq arzulayıram”.
Bakı şəhərindən olan Rəşad İsmayılov bayram tətili günlərini ailəsi ilə birlikdə Azərbaycanın qədim diyarlarından olan Şəkidə keçirməyi qərara alıb. Hər dəfə Şəkiyə gələndə bir qayda olaraq, mütləq Xan Sarayını ziyarət etdiyini vurğulayan paytaxt sakini deyib: “Şəki ölkəmizin mühüm turizm mərkəzlərindən birinə çevrilib. Azərbaycanın digər bölgələri kimi, bu şəhərdə də tarixi-mədəni irsimizin qorunmasına yüksək diqqət və qayğı göstərilir. Xan Sarayı ölkəmizin ən möhtəşəm memarlıq abidələrindəndir. Ona görə də hamıya məsləhət görürəm ki, Şəkiyə gələndə mütləq bu gözəl sarayı ziyarət etsinlər”.
Paytaxt sakini xalqımıza Yeni il arzularını çatdıraraq deyib: “Yola saldığımız 2022-ci il Azərbaycanımız üçün uğurlu illərdən biri oldu. İnşallah, 2023-cü il də xalqımız üçün düşərli, uğurlu il olacaq, nailiyyətlərimiz daha da bol olacaq. Mən buna inanıram”.